Metro xətləri ayrılır: sərnişinlər əlavə pul ödəyəcək? - Rəsmi
Xəbər verdiyimiz kimi, Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin tam ayrılması prosesinə başlanılıb. Təmir-tikinti zamanı “28 May” stansiyasından “Dərnəgül” istiqamətinə keçid mümkün olmayacaq. Dəyişiklik dövründə “Nizami” stansiyasında ekspress avtobuslar fəaliyyət göstərəcək. Sərnişinləri maraqlandıran əsas suallardan biri isə bu avtobusların ödənişli və ya ödənişsiz olub-olmayacağıdır. Belə ki, hazırda 50 qəpiyə qət edilən məsafənin alternativ nəqliyyat və metrodan iki dəfə istifadə ilə 1 manat 50 qəpiyə başa gələcəyi ehtimal olunur. Məsələ ilə bağlı Mediaxeberleri.Az-ın sorğusunu cavablandıran Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bütün suallarla bağlı aidiyyəti qurumlarla intensiv iş aparılır. “Biz vaxtı qabaqlayıb indidən heç nə deyə bilmərik. 7 ay vaxt var. Zamanı gələndə ən xırda detallarına qədər ictimaiyyət məlumatlandırılacaq”,- o bildirib. Qeyd edək ki, xətlərin ayrılması prosessinin mərhələlərlə həyata keçirilməsi planlaşdırılır.