Üç kənd qaytarılır, Azərbaycan bu yolla İrəvana nəzarət edəcək - DETALLAR
Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının yanvarın 16-da əldə etdiyi razılaşma, xüsusilə sərhədin “şimaldan cənuba doğru” delimitasiyasının aparılması məsələsi ermənilər tərəfindən geniş müzakirə edilir.
Mediaxeberleri.Az xəbər verir ki, Ermənistan mediası bu razılaşmanın Azərbaycanın xeyrinə olduğunu yazır.
“Hraparak” nəşri qeyd edir ki, Ermənistan hakimiyyəti delimitasiyasının Vardenis (Basarkeçər), Cermuk (İstisu) və digər ərazilərdə davam etdirilməsini istəsə də, razılaşma Bakının istəyinə uyğundur: “Aydındır ki, belə qərarı Əliyev verib”.
“Ermənistan” fraksiyasının deputatı Qarnik Danielyan bildirib ki, delimitasiya prosesi nəticəsində Azərbaycan birbaşa İrəvana nəzarəti ələ keçirəcək.
“İlk mərhələdə Tavuş istiqamətində geri çəkildik, 4 kənd Azərbaycana qaytarıldı. İndi prosesin yenidən şimalda davam etdirilməsi nəticəsində yenə itirəcəyik, xüsusilə Kirants-Voskepar yolunun bir neçə hissəsi Azərbaycanın nəzarətinə keçəcək. Nəticədə Azərbaycan İrəvana nəzarəti ələ keçirəcək, çünki strategiya və təhlükəsizlik baxımından əhəmiyyətli olan dövlətlərarası yola nəzarət edəcəklər. Azərbaycan ən mühüm mövqeləri tutmaqla Ermənistan daha həssas vəziyyətə düşəcək”, - o iddia edib.
Danielyan iddia edir ki, Əliyev hər şeyi həll edir və istədiyini alır.
“Şərəfim var” fraksiyasının deputatı, hərbi ekspert Tiqran Abramyan da bildirib ki, delimitasiyanın Tavuş istiqamətində davam etdirilməsi Bakı üçün əhəmiyyətlidir.
“Çünki anklav olan üç kəndin qaytarılmasına hazırlıq gedir. Bu baş verərsə, təkcə Tavuşun mərkəzindəki kommunikasiya yox, həm də Ermənistan-Gürcüstan magistral yolunun və Gürcüstandan Ermənistana gələn qaz kəmərinin bir hissəsi Azərbaycanın nəzarətinə keçəcək”, - o iddia edib.