Moldova Ukrayna üzərindən tranzit dayandırıldığı üçün Rumıniyadan elektrik enerjisi alacaq
Moldova Ukrayna üzərindən Rusiya qazının tranzitinin dayandırılmasından sonra ölkədə elektrik enerjisi istehsalının artırılması və Rumıniyadan tədarük hesabına elektrik enerjisi ilə təmin ediləcək. “Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin saytında 2025-ci il yanvarın 1-dən yarana biləcək elektrik enerjisi çatışmazlığının kompensasiyası planında qeyd edilib. “Dnestr çayının sağ sahilində elektrik enerjisinin fasiləsiz təchizatını təmin etmək üçün qış mövsümündə pik saatlarında 850 MVt-a çatan istehlak yükünü qarşılamaq lazımdır. Dnestr çayının sağ sahilində biz bütün daxili istehsal mənbələrini – “Termoelektrika” və “TES Nord” istilik elektrik stansiyalarını səfərbər edəcəyik ki, bu da təxminən 200 MVt istehlak bazasını təmin edəcək. İstilik elektrik stansiyalarında istehsal gücünü artırmaq üçün hələ də ehtiyatlarımız var”, – məlumatda bildirilib. Qeyd olunub ki, daha 100 MVt-ın Rumıniyanın “Çernavode” atom elektrik stansiyasından alınması artıq razılaşdırılıb, eyni həcmdə elektrik enerjisi Rumıniyanın Braz şəhərindəki “OMV Petrom” istilik elektrik stansiyasından alınacaq. Təxminən 10 MVt Kosteşti-Stınka su elektrik stansiyası tərəfindən təmin ediləcək. Həmçinin Moldova Energetika Nazirliyi Rumıniyanın OPCOM elektrik enerjisi birjasından 200 MVt-a qədər elektrik enerjisi almağı nəzərdən keçirir.