Qarabağda erməni əhalisinin sayı... - Qapalı görüşdə nələr müzakirə edilib?
“Məndə olan məlumatlara görə, ABŞ-da Qarabağdakı erməni əhalisinin sayının azaldılması ssenariləri müzakirə edilib”.
Mediaxeberleri.Az xəbər verir ki, bu iddia ilə erməni politoloq Artur Xaçikyan çıxış edib.
Xaçikyan bildirib ki, humanitar yüklərin Ağdam yolundan keçməsi razılaşma əsasında baş tutub, lakin rəsmi Bakının əsas təminat marşrutunun bu yol olması istiqamətində səylərini artıracağı da bəllidir.
“Nə Rusiya, nə Avropa, nə də ABŞ rəsmi Bakının bu tələblərinə qarşı heç nə etmir, yaxud edə bilmir. İndi bizim iki yolumuz var, ya Bakının Xankəndinə daxil olmasının qarşısını almalıyıq, ya da erməniləri İrəvanda qarşılamağa hazırlaşmalıyıq. Çünki əhalinin azaldılması ssenariləri var və bu məsələnin ABŞ-da müzakirə edildiyi haqda məlumata malikəm”, - o, Azərbaycan və Ermənistan rəsmilərinin Vaşinqton görüşləri haqda bu iddianı irəli sürüb.
Qeyd edək ki, rəsmi Bakının Qarabağdakı mülki ermənilərlə hər-hansı problemi yoxdur və onlara Azərbaycan vətəndaşı olaraq, bütün hüquqları verməyə hazırdır. Lakin ermənilərin müəyyən qismi Laçın yolundan keçərək, Qarabağı tərk etmək istəyir. Artıq son günlər yüzlərlə erməni müxtəlif adlar altında Ermənistana qayıdıb. Görünür, ermənilərin Qarabağdan qaçmasını Ermənistanda kimlərsə “əhalinin sayını azalması” kimi təqdim etməyə çalışır. Publika.az