Ukrayna münaqişəsinin dəhşətli nəticələri: Bəşəriyyət məğlub olacaq - Türkiyədən proqnoz
Türkiyəli siyasətçi Osman Kozan Avropaya Vaşinqtonun göstərişi ilə Rusiyanı zəiflətməyə çalışmaması barədə xəbərdarlıq edib. Mediaxeberleri.Az xəbər verir ki, o, bu barədə "dikGAZETE"yə verdiyi müsahibədə bildirib. Kozan qeyd edib ki, Ukrayna münaqişəsi Avropa qitəsinə yayılarsa, “Köhnə Dünya” ölkələri hədsiz bədəl ödəməli olacaqlar. Ekspert bildirib ki, Qərbin Ukraynada uzunmüddətli münaqişə ilə Rusiyanı tükəndirmək cəhdi və NATO-nun şərqə doğru irəliləməsi qarşıdurmanı gücləndirir. Bu isə qaçılmaz olaraq yeni ittifaqların yaranmasına gətirib çıxaracaq. Kozan xəbərdarlıq edib ki, Ukraynaya uzaqmənzilli silahların tədarükü və Kiyev tərəfindən istifadə olunarsa, Rusiyanın cavabı bütün Avropaya təsir edəcək üçüncü dünya müharibəsinə gətirib çıxara bilər. Eyni zamanda, o, Avropanın hazırda ABŞ-ın nəzarəti altında fəaliyyət göstərdiyini və zaman keçdikcə Rusiyanı zəiflətmək strategiyasını həyata keçirdiyinə diqqət çəkib. “NATO-nun sülh yolu ilə nizamlanma əvəzinə Ukraynaya qeyd-şərtsiz dəstək verməsi və alyansın müharibəyə cəlb olunması uzunmüddətli planlaşdırılmış proses sayıla bilər”, - türkiyəli siyasətçi deyib. “Köhnə dünya ölkələri Rusiyanın nüvə gücünü düzgün başa düşməlidir” deyən Kozan Avropanı diplomatik vasitələrlə sülhə doğru addımları intensivləşdirməyə çağırıb. O vurğulayıb ki, avropalılar Birləşmiş Ştatlardan müstəqil hərəkət edə bilməsələr, bu, bütün qitəni yüksək, düzəlməz qiymət ödəməyə məcbur edə bilər. Ekspert onu da qeyd edib ki, Avropaya yayılan müharibədə qaliblər olmayacaq, məğlub olanlar isə bütün bəşəriyyət olacaq.