Valideynlərindən xəbərsiz sükan arxasına keçən 16 yaşlı oğlan həyatını itirdi
"Bu gün Şamaxı rayonunun Əngəxana kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib". Bununla bağlı Mediaxeberleri.Az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib. "Hadisə bu gün saat 13:10-da Şamaxı rayonunun Əngəxana kəndi ərazisində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü Emil Oqtay oğlu Əsgərov atasına məxsus VAZ-2106 markalı 10-GM-271 dövlət qeydiyyat nişanlı avtomobili valideynindən xəbərsiz götürərək yaşadığı Əngəxana kəndi ərazisində yüksək sürətlə hərəkət edərkən sərt döngədə idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı ağaca çırpılıb, sonra isə dərəyə yuvarlanıb. Hadisə nəticəsində sükan arxasında olan 16 yaşlı oğlan həyatını itirib. Baş Dövlət Yol Polisi İdarəsi olaraq bir daha valideynlərdən övladlarını nəzarətsiz qoymamağı, nəqliyyat vasitələrini idarə etməyin təhlükəli olmasını onlara aşılamağı xahiş edirik ki, sonrada bərpası mümkün olmayan itkilərə yol açılmasın",- deyə məlumatda vurğulanır.