Войти

Rəşad Dağlı amnistiyaya düşəcək?

Gündəm

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Milli Məclisə müzakirə üçün amnistiya aktı layihəsini göndərib.

 

Hazırda həbsdə olan məşhurlar arasında cəmiyyətə ən çox maraqlı olan meyxanaçı Rəşad Dağlıdır. Bəs ona bu amnistiya aktı ilə hər hansı güzəşt edilməsi mümkündür? Mediaxeberleri.Az-ın məlumatına görə bu barədə Ajans.az-a danışan Daşqın Qənbərov deyib ki, Rəşad Dağlı ağır cinayət törətdiyi üçün ona güzəşt edilməyəcək:

 

"Amnistiya aktının layihəsində aydın şəkildə göstərilir ki, ictimai təhlükə törətməyən, az ağır və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə münasibətdə tətbiq edilə bilər. Lakin Rəşad Dağlı isə qəsdən törədilmiş ağır cinayətdə ittiham olunduğundan ona bu amnistiya aktı ilə hər hansı güzəştin ediləcəyi gözlənilə bilməz".

General-mayor Akif Yusifov vəzifəsindən azad olundu - Foto

Gündəm

Azərbaycan Milli Qvardiyasının komandanı, general-mayor Akif Yusifov vəzifəsindən azad olunub.

Mediaxeberleri.Az Yeni Sabah-a istinadla xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, A.Yusifov ehtiyata buraxılıb.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 7 fevral 2013-cü ildə sərəncamı ilə Akif İsaxan oğlu Yusifov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini - Milli Qvardiyanın komandanı təyin edilmişdi. Həmin ilin dekabrın 25-də ona general-mayor ali hərbi rütbəsi verilib.



Bu şəxslər rüsumdan azad edilir

Gündəm

Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatıyla bağlı sənədlərə görə rüsumdan azad edilir.

 

Bu, Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyinə daxil edilən “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif edilən dəyişiklikdə əksini tapıb.

 

"Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanunun 6-cı və "Dövlət rüsumu haqqında" qanunun 26-cı maddələrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsinə görə tutulan dövlət rüsumunun dərəcələrini müəyyən edilir.

 

Buraya aiddir:

 

- daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı reyestrdən çıxarışın, texniki sənədlərin (pasport və plan ölçü) verilməsi;

 

- torpaq sahələri üzərində hüquqların qeydiyyatı üçün mərzçəkmə işlərinin görülməsi;

 

- daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına

 

- (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi; ipotekanın dövlət qeydiyyatına alınması;

 

- eləcə də daşınmaz əmlaka dair digər hüquqi hərəkətlər.

 

Təklif olunan dəyişiklik sosial cəhətdən həssas əhali kateqoriyasının -müharibə ilə əlaqədar, 20 Yanvar hadisələri ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar (o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar) əlilliyi müəyyən edilmiş şəxslərin, habelə şəhid ailəsi statusu almış şəxslərin həmin xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumundan azad olunmasını nəzərdə tutur.

 

Azadolma qeyd olunan kateqoriyadan olan şəxslərin sosial müdafiəsinə yönəlib.

 

Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Vətən müharibəsi şəhidinin atası vəfat etdi

Gündəm

Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin giziri, "Mixaylo" ləqəbli Mehti Şıxəliyevin atası vəfat edib.

Mediaxeberleri.Az-ın məlumatına görə, şəhid atası Yalçın Şıxəliyev ötən gün xəstəlik səbəbindən dünyasını dəyişib. Mərhum bu gün torpağa tapşırılıb.

Qeyd edək ki, Mehti Şıxəliyev ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə",  "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif olunub.


Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Gündəm

Şəbnəm Səfərova "Study in Azerbaijan” layihəsinin direktoru təyin edilib.

 

Bu barədə o özü məlumat verib.

 

Şəbnəm Səfərova qeyd edib ki, bu vəzifəyə təyin edilməsi ona böyük etimaddır:

 

"Study in Azerbaijan” kimi fəaliyyətə başlamaq karyeramda maraqlı və eyni zamanda məsuliyyətli bir mərhələnin başlanğıcıdır.

 

AR Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Study in Azerbaijan”, Azərbaycanın ali təhsil sisteminin beynəlxalq səviyyədə tanıdılması, ölkəmizin təhsil imkanlarının xarici tələbələr üçün daha cəlbedici edilməsi və beynəlxalq əməkdaşlıqların genişləndirilməsi məqsədi daşıyan, dövlət–özəl tərəfdaşlığı modeli əsasında qurulmuş milli təşəbbüsdür.

 

Layihə çərçivəsində əsas fokuslarımızdan biri tanıtım və qəbul mərhələlərindən başlayaraq viza və yerləşmə dəstəyi, eləcə də inteqrasiya proseslərini əhatə edən vahid, rəqəmsal və institusional ekosistemin formalaşdırılmasıdır.

 

Yeni çağırışlar və imkanlarla dolu bu yolda komandamızla birlikdə dəyərli və uğurlu nəticələr əldə edəcəyimizə inanıram”.

 

Qeyd edək ki, Şəbnəm Səfərova məşhur azərbaycanlı polkovnik Ramil Səfərovun həyat yoldaşıdır. O, “Qarabağın Tərəqqisi Naminə” İctimai Birliyinin sədridir.

 

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Gündəm

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə olub.

Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Rusiyanın Ukraynaya qarşı apardığı müharibədə Ermənistandan fərqi yoxdur:

“Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarını pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə, cinayət məsuliyyətinə cəlb olunurlarmı? Belələri cəzalandırılmırlarsa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq. Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək.

Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.

Kolbasanın üstündə bu söz varsa, qəti almayın!

Gündəm

Mağazada yaxşı kolbasa seçmək üçün məsləhətlər verilib.

Mediaxeberleri.Az Milli.az-a istinadən xəbər verir ki, bu sahə üzər ekspert Yelena Medkovanın sözlərinə görə, əsas meyar qablaşdırmanın dizaynı yox, məhsulun texnoloji göstəriciləridir.

"Bişmiş kolbasa seçərkən dövlət standartlarına əsaslanmaq olar. Mövcud GOST standartlarında məhsullar əzələ toxumasının payına görə kateqoriyalara bölünür. Kateqoriya A - 60%-dən çox, kateqoriya B isə 40-60% əzələ toxuması deməkdir. Etiketdə "GOST, ət məhsulu, kateqoriya A" qeyd olunubsa, bu, kolbasada ətin payının daha yüksək olduğunu göstərir.

Onun sözlərinə görə, keyfiyyətli bişmiş kolbasanın tərkibi sadə olur. Adətən bu siyahıya ət, su, süd, yumurta, duz, şəkər və ədviyyatlar daxildir. Qısa və anlaşılan tərkib düzgün reseptura və texnologiyaya əməl olunduğunu göstərir.

Ekspert əlavə edib ki, mexaniki üsulla ayrılmış quş əti müəyyən miqdarda istifadə oluna bilər. Lakin bu xammal çox olduqda kolbasanın dadı və teksturası daha az "ətli" olur. Xammal keyfiyyətlidirsə və ədviyyatların balansı düzgün seçilibsə, məhsul təhlükəsiz və dadlı ola bilər.

Bütöv əzələdən hazırlanan delikatesləri qiymətləndirmək daha asandır. Əzələ bərk və bütöv olmalı, qablaşdırmada artıq maye olmamalıdır. Çiy hisə verilmiş kolbasalarda isə quruluş sıx və eynicinsli, rəng bərabər, şpik isə ağ olmalıdır. Bu əlamətlərdən kənara çıxma texnologiya və ya saxlanma problemlərindən xəbər verir.

Medkova qeyd edib ki, qida əlavələri texnoloji məqsədlər üçün istifadə olunur və normalara əməl edildikdə icazəlidir. Lakin istisna var: transqlütaminaza, yəni "ət yapışqanı", ət məhsullarında qadağandır.

Ekspertin sözlərinə görə, bazar tədricən daha şəffaf resepturalara və yüksək əzələ toxuması payına malik məhsullara doğru dəyişir. Bu da istehlakçılar üçün seçim prosesini asanlaşdırır.

Sonda o bildirib ki, düzgün seçim tərkibin, məhsul kateqoriyasının, xarici görünüşün, şpikin keyfiyyətinin və qiymətin xammala uyğunluğunun birlikdə qiymətləndirilməsinə əsaslanmalıdır.

İrandan gətirilən portağal boyanır? - Ələ keçən rəng şübhə yaratdı - VİDEO

Gündəm


İrandan gətirilən portağalın rəngləndiyi iddia olunur.

 

Sosial şəbəkələrdə yayılan videoda portağalın üzərindəki rəngin süni olduğu göstərilir.

 

Videonu çəkən şəxs bildirir ki, meyvəyə sadəcə əl vurmaq kifayətdir ki, dərhal rəng ələ keçsin.

 

İddialara görə, portağalın üzərinə süni boya çəkilib və bu, onun təbii olmadığını sübut edir.

 

Məsələ sosial şəbəkə istifadəçiləri arasında müzakirələrə səbəb olub./Milli.az

 



“Meydan" TV işi üzrə məhkəmə başladı

Gündəm

“Meydan" TV işi üzrə məhkəmə başlayıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilir.

 

Qeyd edək ki, ötən ilin dekabr ayında "Meydan" TV işi üzrə jurnalistlər Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova saxlanılıb.

 

Onların barəsində həbs-qətimkan tədbiri seçilib.

 

Bakı Şəhər Baş Polis İdarəsində onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir neçə şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Bu ilin fevral ayında iş üzrə “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağa, daha sonra jurnalistlər Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) həbs olunub.

 

Mart ayında Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan seçilib.

 

Avqust ayında isə foto-müxbir Əhməd Muxtar həbs edilib.

Generalın oğlunun həbsi ilə bağlı YENİ DETALLAR - Siqaret əməliyyatı

Gündəm

Uzun illər Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğlu Fərid Usubovun həbsi ilə bağlı yeni detallar bəlli olub.

 

Fərid Usubov mediada iddia edildiyi kimi, Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin deyil, Hövsan məntəqəsinin rəisi vəzifəsində çalışıb.

 

Onun vəzifədən kənarlaşdırılmasına səbəb isə 6 ay əvvəl - bu ilin iyununda Hövsan Dəniz Gömrük Postunda külli miqdarda qanunsuz siqaret yüklərinin aşkarlanması olub. Qeyri-qanuni yük partiyasının aşkar edilməsindən sonra məsul şəxslərlə bağlı daxili araşdırmalara başlanılıb və DGK sədri, general-leytenant Şahin Bağırov tərəfindən Fərid Usubovun sərəncama götürülməsi barədə əmr imzalanıb. Daha sonra isə o, həbs edilib.

 

Qeyd edək ki, Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin Liman Məntəqəsinin rəisi Tural Muradovdur. O, tanınmış müğənni İlqar Muradovun oğludur.

 

В будущее В прошлое

Навигация