Paris-2024: Bu gün yunan-Roma güləşçimiz bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq
Bu gün Azərbaycanın iki sərbəst güləşçisi və bədii gimnastı Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verəcək, yunan-Roma güləşi yarışlarında ölkəmizi təmsil edən Həsrət Cəfərov bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq. Mediaxeberleri.Az-ın məlumatına görə, ilk olaraq bədii gimnast Zöhrə Ağamirova fərdi proqramda mübarizəyə qoşulacaq. O, öncə topla (12:30), sonra halqa (14:00) ilə bacarığını göstərəcək. Gimnast ardınca lentlə (17:30) və gürzlə (19:00) çıxış edəcək. Ardınca sərbəst güləşçilər ilk görüşlərinə çıxacaqlar. Saat 13:00-da başlayan qarşılaşmalarda təmsilçimiz Osman Nurmaqomedov (86 kq) Monqolustandan olan Bat Erden Byambasurenlə üz-üzə gələcək. Əliabbas Rzazadə (57 kq) isə özbəkistanlı Qulomjon Abdullayevlə görüşəcək. Hər iki idmançımız 1/8 finaldan başlayacaq. Saat 20:15-də isə yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda mübarizə aparacaq. Onun rəqibinin adına təsəlliverici görüşlərdən sonra aydınlıq gələcək. Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Taekvondoçumuz Qaşım Maqomedov isə Olimpiadanın gümüş mükafatına yiyələnib. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.