Ağstafa RİH başçısı yerlərdə vətəndaşların səyyar qəbullarını davam etdirir
Dövlət başçısı İlham Əliyevin səsləndirdiyi “Hər bir dövlət məmuru xalqa xidmət etməli, bu yüksək məsuliyyəti və etimadı doğrultmalıdır!” fikrin arxasında vətəndaş amili dayanır. Bu, ölkə başçısının, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğıda hər zaman hiss olunur. Eyni zamanda, bu, hər bir dövlət məmuruna nümunə olmaqla bərabər, həm də onların iş fəaliyyətinin tərkib hissəsi olması deməkdir. Ölkə Prezidentinin yerlərdə vətəndaş müraciətlərinə obyektiv şəkildə baxılması və vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq Sərəncam və tapşırıqlarının icrasına Ağstafa rayonunda da operativ və həssas yanaşılır. Xüsusilə də şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli daim diqqət mərkəzində saxlanılır. Vətəndaş məmnunluğunun təmin olunması istiqamətində dövlət siyasətini əsas tutaraq, rayon İcra Hakmiyyətinin inzibati binasında fərdi və ümumi şəkildə vətəndaşların qəbulları həyata keçirilir, müraciət və təklifləri dinlənilir. Ağstafa RİH başçısı Seymur Orucov müvafiq qrafikə uyğun olaraq Göycəli kənd tam orta məktəb binasında keçirdiyi növbəti səyyar qəbulda rayonun hüquq-mühafizə strukturlarının rəhbərləri, RİH başçısı aparatının və aidiyyəti təşkilatların məsul şəxsləri, şəhid ailələrinin üzvləri, eləcə də yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Qəbulda vətəndaşların müraciət və təklifləri qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlər ətrafında müzakirələr aparılaraq həlli tədbirləri müəyyən edilib, eyni zamanda, yerli icra hakimiyyətinin səlahiyyətinə aid olmayan məsələlərin aidiyyəti qurumlara çatdırılması üçün məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilib. Qəbul zamanı vətəndaşların müxtəlif məzmunlu müraciətləri dinlənilərək müvafiq olaraq cavablandırılıb.