Paris-2024-də korrupsiya ittihamı: Hakimlər rüşvətlə seçilib
Qılıncoynatma üzrə keçmiş hakim Markus Şults Beynəlxalq Qılıncoynatma Federasiyasını (FIE) Paris Olimpiadasında korrupsiyada ittiham edib. Mediaxeberleri.Az xəbər verir ki, hakim buna misal olaraq keçmiş qılıncoynatma məşqçisinin ona öz yetirməsinin yarışında qalib gəlməsinə görə 5 min avro rüşvət təklif etməsini göstərib. O, həmçinin Şultsun Olimpiya Oyunlarına gedəcəyinə də söz verib. “O anda bütün dünyam dağıldı. Mən bunu təsəvvür edə bilməzdim. Təbii ki, ona “yox” dedim. Sonra mənə dedi: “Sadəlövh olma. İndi yaxşı oğlan olmağa çalışırsan. Amma belə etsən, heç vaxt zirvəyə çata bilməyəcəksən, sənə heç vaxt icazə verməyəcəklər. Sən heç vaxt daha yaxşı hakim olmayacaqsan. Ya bizimləsən, ya da bizə qarşısan. Bütün sistem Olimpiadada fırıldaqçılıq üçün nəzərdə tutulub, çünki Olimpiada yeganə qılıncoynatma yarışıdır ki, bir növ bütün dünyanın diqqətini cəlb edir. Və bütün məqam budur. Ona görə də qılıncoynatmada hər şey elə manipulyasiya edilir ki, mümkün qədər az şey şansa buraxılsın”, - ARD telekanalı reportajında Şultsdan sitat gətirib. Qeyd olunur ki, hakimlərin qılıncoynatma yarışının gedişinə böyük təsiri var. Oxşar hadisə ABŞ-da qalmaqala səbəb olub və burada müstəqil araşdırma başlayıb. İki hakim şübhə altına düşüb - bolqar Vasil Milençev və Qazaxıstan təmsilçisi Evgeni Dyaokokin. Onların hər ikisi Paris Olimpiadasına buraxılıb. Xatırladaq ki, Paris Olimpiadasının əvvəlində ikiqat Avropa çempionu gürcü Sandro Bazadze yarışın hakimliyini tənqid etmişdi. Gürcü 1/8 finalda misirli Məhəmməd Amerə uduzub (14:15).