Azərbaycanda yeni sənaye parkı yaradılır
Hacıqabul Sənaye Parkının yaradılması və "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 iyul tarixli 3127 nömrəli Sərəncamında dəyişiklik edilib. President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. Fərmana əsasən, Hacıqabul rayonunda Hacıqabul Sənaye Məhəlləsinin əsasında Hacıqabul Sənaye Parkı yaradılır. Müəyyən edilir ki, Hacıqabul Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədi ilə istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir. Hacıqabul Sənaye Parkının fəaliyyətinin təşkili, onun idarə edilməsi və inkişafı ilə bağlı tədbirləri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyi həyata keçirir. Hacıqabul Sənaye Məhəlləsinin rezidenti olan və bu Fərmanın 4.1-ci bəndinə əsasən müəyyən ediləcək prioritet istiqamətlərə uyğun fəaliyyət göstərən sahibkarlıq subyektləri sənaye parkının rezidenti, digər sahibkarlıq subyektləri isə sənaye parkının qeyri-rezidenti kimi Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 aprel tarixli 865 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"də nəzərdə tutulmuş qaydada qeydiyyata alınmaqla, Hacıqabul Sənaye Parkının ərazisində fəaliyyətlərini davam etdirirlər. Hacıqabul Sənaye Parkının fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin "Hacıqabul Sənaye Məhəlləsinin yaradılması haqqında" 2017-ci il 25 iyul tarixli 3127 nömrəli və "Hacıqabul Sənaye Məhəlləsinin ərazisinin genişləndirilməsi haqqında" 2020-ci il 13 may tarixli 2039 nömrəli sərəncamları ilə Hacıqabul Sənaye Məhəlləsinin fəaliyyəti üçün ayrılmış 60 hektar ərazidə təşkil olunur.