Deputatlar Laçında “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən görüşdə iştirak etdilər - FOTOLAR
Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri olaraq aprelin 3-də Laçın rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən görüşdə iştirak etdik. “Yeni Gundem” xəbər verir ki, tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə aparılan nəhəng tikinti-quruculuq işlərindən, Laçın rayonunda və digər azad edilmiş ərazilərimizdə Böyük Qayıdışa dair Dövlət Proqramının icra olunmasından danışdıq. Qeyd olundu ki, torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekoloji vəziyyəti yenidən bərpa etmək üçün mühüm addımlar atmaqdadır və ərazilərin minalardan qısa müddətdə təmizlənməsi üçün bütün imkanlardan səmərəli istifadə olunur. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” siyasətinin aparılması dövlətimizin bu sahəyə xüsusi diqqətinin göstəricisidir.
Daha sonra Laçında fəaliyyət göstərən Zerti Aqro-Sənaye Parkının fəaliyyəti, “Hoçazfilm” yaradıcılıq studiyasının çəkiliş pavilyonu, “Həkəri Balıq Təsərrüfatı” ilə tanış olduq.
Səfərimiz çərçivəsində işğaldan azad edilmiş Şuşa, Xankəndi, Xocalı, Kəlbəcər, Ağdam şəhərlərində olduq. Xankəndi şəhərində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi cənab Elçin Yusubovla görüş keçirdik. Ağdam Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsini andıq.