POLİS BAŞ MƏŞQÇİ VƏ TƏLƏBƏLƏRİNİ HƏBS EDİB - Tanınmış idmançılar xuliqanlıqda ittiham olunurlar
Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi və tələbələri paytaxtın bulvar ərazisində törətdikləri xuliqanlıq hərəkətlərinə görə polis əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb ediliblər. APA-nın əldə etdiyi məlumata görə, fakta görə Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi üzrə 4 nəfər həbs olunub, 2 nəfər - Tofiq Musayev və Mehman Məmmədov haqqında digər qətimkan tədbiri seçilib. Hazırda xuliqanlıq maddəsi üzrə qaldırılan cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir. Federasiyanın baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri Tofiq Musayev, Xəzər Rüstəmov, Vüqar Kərəmov, Mehman Məmmədov və Rüfət Əsədov münaqişə vəziyyəti yaratmaqla, ictimai yerdə bir vətəndaşa zor tətbiq edərək xuliqanlıq hərəkətləri törətməkdə ittiham olunurlar. Onu da qeyd edək ki, jurnalist Pərviz Həşimli Tofiq Musayevin həbsi xəbərini təkzib edib. "Tofiq Musayev indi mənə zəng etdi. Həbs edilməsi barədə xəbərləri təkzib etdi. Saxlanılan şəxslər onun dostları və müəllimləridir. Tofiq bildirdi ki, ona yaxın olan bu adamlara şər atılır", - jurnalist sosial şəbəkədə yazıb.