Ağstafada icra başçısının növbəti səyyar görüşü Saloğlu qəsəbəsində yaşayan sakinlərlə olub - FOTOLAR
Ölkə Prezidenti İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr bir daha onu göstərir ki, ölkəmizdə bütün işlərin arxasında yalnız və yalnız vətəndaş amili dayanır. Dövlət siyasətinin əsasını vətəndaş məmnunluğu təşkil edir ki, bu, hər bir dövlət məmuruna nümunədir. Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Ağstafa rayonunda olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər, qəsəbə və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir. İcra başçısının oktyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Saloğlu qəsəbəsində yaşayan sakinlərlə olub. Müvafiq qrafikə uyğun olaraq Saloğlu qəsəbə tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda RİH başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və yaşayış məntəqəsinin sakinləri iştirak ediblər. RiH başçısı çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizi vətəndaş müharibəsindən xilas edərək bütün təhdidlərə rəğmən, Azərbaycanın müstəqilliyini qorudu, milli birliyimizi möhkəmləndirməklə xalqımızı sabitliyə, əmin-amanlığa qovuşdurdu. Ulu Öndərin dövlətçilik, idarəçilik prinsiplərinə sadiq qalan Prezident İlham Əliyev ölkəmizin iqtisadi, hərbi qüdrətini gündən-günə artırıb inkişafını daha etibarlı şəkildə təmin etməklə yanaşı, uğurlu fəaliyyəti ilə Azərbaycanı ən etibarlı, güvənli, sabit məmləkətə çevirdi, müstəqil siyasi, iqtisadi qərarları ilə bütün dünyada nüfuzlu ölkə imicini qazandırdı. Səyyar qəbulda vətəndaşların müraciət və təklifləri qəbul olunub, məsələlərin həlli istiqamətində aidiyyəti üzrə məsul şəxslərə nəzarət qaydasında konkret tapşırıqlar verilib. Həmçinin vətəndaşlara qanunamüvafiq qaydada izahatlar verilib.