Qucaqlaşmağın bilmədiyimiz faydası üzə çıxdı
İncə toxunuşlar bədənə müsbət təsir göstərir və səhhətimizi yaxşılaşdırır. Qucaqlaşmaq həm də qanda xoşbəxtlik hormonu olan oksitosinin ifrazını stimullaşdırır. Mediaxeberleri.AZ xəbər verir ki, bu sözləri kardioloq Olqa Bokeriya teleqram kanalında deyib. Mütəxəssis qucaqlaşmağın orqanizmə təsirindən söz açıb. "Alimlər sübut ediblər ki, bir neçə dəqiqə partnyorunu qucaqlayan qadınlarda oksitosinin səviyyəsi daha yüksək olur. Oksitosinə sevgi və bağlılıq hormonu deyilir. O, etibar hissini artırır, narahatlıq və qorxunu azaldır, sakitlik və inam verir. Hormon insan münasibətlərini gücləndirir. Məsələn, doğuşdan dərhal sonra ana ilə uşaq arasında bir bağlılığın yaranmasında iştirak edir", - mütəxəssis bildirib. Həkimin sözlərinə görə, emosional dəstək ürək-damar xəstəliklərindən ölüm ehtimalını azaldır. Bundan əlavə, toxunuş və qucaqlaşma stress hormonu olan kortizolun səviyyəsini azaldır. Unutmayın ki, kortizolun həddən artıq olması şəkərli diabet və müxtəlif xəstəliklərin inkişafına səbəb ola bilər. Odur ki, kardioloq yaxınlarımız ilə fiziki təmasdan qaçmamağı tövsiyə edib. Xüsusilə 5-10 dəqiqə qucaqlaşmaq rifahımıza əhəmiyyətli təsir göstərəcək.