Nazirlər Kabinetinin buraxılması gözlənilir - Hüquqi İZAH
Azərbaycanda növbədənkənar prezident seçkisindən sonra Nazirlər Kabinetinin istefa verəcəyi gözlənilir. Mediaxeberleri.Az bildirir ki, bu, Konstitusiyanın tələbidir. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Azərbaycan Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Prezidentinə istefa verir. Qeyd edək ki, daha sonra dövlət başçısı baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təklif verir. Konstitusiyanın 118-ci maddəsinə görə, baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Prezidenti onun öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis razılıq verdikdən sonra prezident yeni baş naziri təyin edir. Bundan sonra prezident Nazirlər Kabineti yeni tərkibdə formalaşdırılır. Bildirək ki, Milli Məclis baş naziri vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya prezidentin təqdim etdiyi namizədlərin baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, prezident hökumət başçısını Milli Məclisinin razılığı olmadan təyin edə bilər. Xatırladaq ki, 2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkisi keçiriləcək.