Bakıda poçt şöbələrinin sayı 181-ə çatdırılacaq
2040-cı ilə kimi Bakıda əhaliyə xidmət göstərən poçt şöbələrinin sayı 181-ə çatdırılacaq. Bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. 2027-ci ilə kimi isə paytaxtda poçt şöbələrinin sayı 163-ə kimi artırılacaq ki, bu da 2020-ci illə (planın hazırlama vaxtı) müqayisədə 10 ədəd çoxdur. Plana əsasən, Bakı şəhərinin 20 000 nəfərədək əhali yaşayan ərazisində və Bakı şəhəri ətrafı qəsəbələrdə isə əhali sayı 5 000 nəfərdən artıq olduqda yeni poçt şöbələrin açılması nəzərdə tutulur. 2020-ci ilə olan məlumata görə, Bakı şəhərində milli poçt operatoru “Azərpoçt” MMC-nin 6 poçt filialının 153 poçt şöbəsi tərəfindən əhaliyə həm poçt, həm də maliyyə xidmətləri göstərilir. Bununla yanaşı Bakıda sürətli poçt xidmətlərinin göstərilməsi məqsədilə 150-dən çox özəl poçt müəssisələri lisenziya əsasında fəaliyyət göstərir. Həmçinin paytaxtda 6 müasir “Şəbəkə” mərkəzi yaradılıb və həmin xidmət mərkəzlərində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkandan təqdim olunur. “Şəbəkə” mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya və poçt xidmətlərindən başqa, bank-maliyyə, eləcə də aviabilet satışı, turizm və digər xidmətlər də göstərilir.