Binə qəsəbəsində evləri su basıb - VİDEO
Bakının Xəzər rayonu, Binə qəsəbəsi, “Südçülük sovxozu” ərazisində yolları və məhəllələri yağış suları basıb. Xezerxeber.az-ın məlumatına görə, sakinlər bildirir ki, ümumiyyətlə sözügedən yaşayış məntəqəsinin yolları bərbad vəziyyətdədir, kanalizasiya şəbəkəsi yoxdur. Mövcud vəziyyət səbəbindən sakinlər maşınlarını tez-tez təmir etdirməli, üstəlik, məktəbliləri suyun içərisindən keçirməklə məktəbə aparmaq məcburiyyətində qalırlar. Qardaşxan Əhmədli küçəsinin sakinləri bildirirlər ki, nəinki ictimai nəqliyyat, yolların pis vəziyyətdə olmasına görə, hətta təcili yardım maşınları da əraziyə gəlməkdən imtina edirlər. Vətəndaşlar iddia edirlər ki, aidiyyəti dövlət qurumlarına bununla bağlı bir neçə dəfə müraciət ediblər, lakin hər hansı nəticə olmayıb, problem həllini tapmayıb. Problemlə bağlı Xəzər Rayon İcra Hakimiyyətindən bildirilib ki, avtomobil yolu təsərrüfatı sahəsində xidmət göstərilməsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən həyata keçirilir. Bununla əlaqədar olaraq, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən Binə qəsəbəsində istismara yararsız yolların təmiri işlərinin aparılması məqsədilə AAYDA-ya, həmçinin "Azərsu" Açıq Səhmdar Cəmiyyətinə (ASC) rəsmi müraciət ünvanlanıb. O da bildirilib ki, Binə qəsəbəsinin su təminatı, tullantı sularının mərkəzləşdirilmiş qaydada kənarlaşdırılması məqsədilə müvafiq layihə sənədləri tərtib olunub. Kanalizasiya sistemlərinin qurulması tədbirlər planına uyğun mərhələlərlə həyata keçiriləcək. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:Bizimlə əlaqə saxlayın