6 yaşlı uşağı amansızlıqla öldürüb, amma özünü təqsirli bilmir
ABŞ-ın İllinoys ştatında 6 yaşlı Fələstin əsilli uşağı 26 bıçaq zərbəsi ilə öldürən və anasını yaralayan qətl şübhəlisi 71 yaşlı Cozef Çuba hakim qarşısına çıxarılıb. Mediaxeberleri.Az xəbər verir ki, Uill rayon Məhkəməsində keçirilən iclasda Çuba qətl və nifrət cinayəti ittihamları ilə özünü təqsirli bilməyib. O birinci dərəcəli qətl, birinci dərəcəli adam öldürməyə cəhd, iki nifrət cinayəti ilə ittiham olunur. Oktyabrın 16-da ABŞ Ədliyyə Nazirliyi sözügedən hücumla bağlı federal nifrət cinayətləri təhqiqatına başlanıldığını açıqlamışdı. Xatırladaq ki, oktyabrın 14-də İllinoys ştatının Pleynfild şəhərində ev sahibi Çuba kirayəçisi olan Fələstin əsilli 32 yaşlı Hənan Şahinin qapısına gedərək 6 yaşlı oğlu Vadiə Əl-Fəyyumu 26 bıçaq zərbəsi ilə öldürmüş, anası Şahini isə ağır yaralamışdı. Polis hücumun uşaq və anasının müsəlman kimliyi və İsrail-Fələstin münaqişəsi səbəbiylə həyata keçirildiyi açıqlamışdı. Məhkəmə sənədlərinə görə, oktyabrın 14-də Çuba Şahinə İsrail-Fələstin münaqişələrindən qəzəbləndiyini bildirib və Şahin də Çubaya "Sülh üçün dua edək" deyib. Söhbətin ardından Çuba bıçaqla Şahinə və oğluna hücum edib. Hadisə şahidləri ana və oğlunun iki ildir eyni evdə yaşadıqlarını və hücumdan əvvəl Çuba ilə zərərçəkənlər arasında heç bir mübahisənin şahidi olmadıqlarını bildiriblər.