Vətən Müharibəsi Şəhidlərinin əziz xatirəsi yad olundu
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağımızın azadlığıyla nəticələndi. 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrildi. Azərbaycan, sadəcə, torpaqlarımızın işğaldan azad olunması ilə kifayətlənmədi, eyni zamanda Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın qəhrəmanları torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, igidləri qazi adını qazandı. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq. Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi yad olunub. Sentyabrın 25-də Qazax Dövlət Sosial-İqtisadi Kollecində 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Tarix yazan qəhrəmanlar” mövzusunda tədbir keçirilib. Mediaxeberleri.Az xəbər verir ki, tədbirdən əvvəl iştirakçılar Qazax Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ-nin direktoru Gülnar Qəhrəmanova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinin rəisi Qüdrət Əliyev, Kollecin tarix müəllimi Şükufə Aydınova və Tələbə Gənclər Təşkilatının sədr müavini Zeynəb Mustafazadə çıxış edərək şəhidlərin şərəfli döyüş yolundan və Vətən uğrunda göstərdikləri qəhrəmanlıqlardan bəhs ediblər. Tədbir Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi, Qazax Dövlət Sosial-İqtisadi Kolleci PHŞ və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz-Qazax Regional İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.



























