TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? - NARAZILIQ VAR...
Dövlət tərəfindən təmin olunan pereparatla bağlı problem yaşanıb. Söhbət boyu qısa olan uşaqların boyunu artırmaq üçün dövlət tərəfindən verilən, büdcədən pul ayrılan bahalı Norditropin preparatından gedir. Qiyməti təxminən 200 AZN olan dərman 2 aya yaxındır ki, TƏBİB tərəfindən xəstələrə verilmir.
Mediaxeberleri.AZ Bizim.Media-ya istinadla xəbər verir ki, bu barədə tanınmış həkim-radioloq Aydın Əliyev sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə yüzlərlə ehtiyacı olan uşaqlara hazırda “naməlum” və “qaranlıq” səbəblərdən sözügedən dərman verilmir:
“Qələm şəklində olan bu preparatın təqribən həftədə 1 flakonu uşağa inyeksiya edilməlidir. Beləliklə, hazırda iqtisadi çətin durumda olan əksər valideynlər öz övladlarını bu preparatla təmin etmək üçün ayda 800-1000 manat pul xərcləməlidirlər. Bu insanlar çox çətin duruma düşüblər”, - deyə Aydın Əliyev əlavə edib.
Məsələ ilə bağlı TƏBİB-in də mövqeyini dərc etməyə hazırıq.