Neftçalada yağış fəsadlar törətdi: "Məktəb yolu su altında qalıb" - VİDEO
Yağan güclü yağışlardan sonra Neftçala rayonunun Həsənabad qəsəbəsində yaranan vəziyyət sakinlərin narahatlığına səbəb olub. Oxu.Az xəbər verir ki, ərazidən çəkilən videogörüntülər sosial şəbəkələrdə müzakirələr mövzusu olub. Bildirilib ki, kənddən keçən əsas yol yağışdan sonra tamamilə su ilə dolub. "Məktəb yolu su altında qalıb, nəqliyyat vasitələrinin hərəkəti çətinləşib, piyadaların isə gediş-gəlişi demək olar ki, mümkünsüz olub", - deyə şikayətdə bildirilir. Oxu.Az-a açıqlama verən Neftçala rayonu Həsənabad qəsəbə bələdiyyəsinin sədri Rauf Nicat oğlu Ələkbərov bildirib ki, son günlər intensiv yağışlar nəticəsində qəsəbə ərazisində, xüsusilə Səməd Vurğun küçəsində yağış sularının yığılması halları müşahidə olunub. "Məsələ ilə bağlı əraziyə baxış keçirilib. Yağış sularının maneəsiz axınının təmin olunması məqsədilə mövcud drenaj və suötürücü xətlər yoxlanılır, tutulmuş hissələrin təmizlənməsi işləri aparılacaq. Bildiririk ki, problemin tam aradan qaldırılması üçün mövcud bələdiyyə büdcəsini nəzərə alaraq texniki tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Zərurət yarandığı təqdirdə yeni suötürücü xəttin çəkilməsi və ya mövcud infrastrukturun yenilənməsi istiqamətində işlər görüləcək. Vətəndaşlardan yaranmış müvəqqəti narahatlığa görə anlayış göstərmələrini xahiş edirik. Məsələ nəzarətdə saxlanılır və qısa müddətdə tam həll olunması üçün müvafiq addımlar atılır", - deyə R.Ələkbərov bildirib. Əzizə İsmayılova





















