Hərbi xidmətə yararsız olanlar müalicə olunacaq?
Baş nazir Əli Əsədovun imzaladığı “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişikliklərə əsasən, çağırış yaşlı gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək. Bu istiqamətdə prosedurların necə olacağı suallar doğurur. Mediaxeberleri.Az xəbər verir ki, mövzuya hərbi ekspert Ədalət Verdiyev münasibət bildirib. O, modern.az-a açqılamasında deyib ki, “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişikliklər ilk növbədə Azərbaycan gənclərinin sağlamlığının təmin olunması istiqamətində atılan müsbət addım kimi dəyərləndirilir: "Bu, həm də bəzi çağırışçıların hərbi xidmətdən müxtəlif xəstəliklər adı altında uzun müddət yayınmasının qarşısını alacaq. İlkin müayinə zamanı aşkar olunan xəstəliklər mütləq qaydada müalicə olunacaq. Müalicədən sonra gənclərimiz vətənin keşiyində durmaq üçün orduya göndəriləcək və onlar da öz vətəndaşlıq borclarını yerinə yetirmiş olacaqlar". Ekspert vurğulayıb ki, bu qərar gənclərimizin sağlamlıq əldə etməsi ilə yanaşı, həm də ordumuzun daha yüksək dərəcədə komplektləşdirilməsinə gətirib çıxaracaq.





















