Pensiya alanlara ŞAD XƏBƏR – Bundan sonra…
“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, əmək pensiyasının yenidən hesablanması işləyən əmək pensiyaçısının fərdi şəxsi hesabının sığorta hissəsində müraciət tarixinə toplanmış pensiya kapitalına əsasən həmin tarixdən, işləməyən əmək pensiyaçısına münasibətdə isə şəxsin işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi gündən, lakin müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə həyata keçiriləcək. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na edilən son dəyişikliklər konkret olaraq nəyi dəyişir? Bu dəyişikliklər pensiyaçıların aylıq ödənişlərinə, pensiya yaşına, hesablama mexanizmlərinə və keçid prosedurlarına necə təsir göstərəcək? Məsələ ilə bağlı Nocomment.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı ekspert Akif Nəsirli bildirib ki, son dəyişikliklər pensiyaların təyin edilməsi, hesablanması, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi prosesini daha çevik və rəqəmsal edib: “İndi pensiya təyinatı, yenidən hesablanma və növ dəyişməsi qərarları Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə qəbul edilir və onlayn təqdimat rəsmi qərar kimi sayılır. Bu, pensiyaçıların müraciət prosesini sadələşdirir və kağız işini azaldır.” Akif Nəsirli qeyd edib ki, yenidən hesablanma və növ dəyişmə mexanizmi staj və hüquq dəyişiklikləri zamanı pensiyanın artırılmasına imkan verir: “Xüsusi kateqoriyalı şəxslər, məsələn, hərbi qulluqçular və güzəştli şərtlərlə pensiya alanlar üçün hesablamada yeni yanaşmalar tətbiq olunur. Bu, bəzi pensiyaçıların aylıq ödənişlərinin artmasına səbəb ola bilər”. Ekspertin sözlərinə görə, pensiya yaşı dəyişmir və əsas hesablanma prinsipləri — sığorta stajı və pensiya kapitalı qalır: “Dəyişikliklər əsasən prosedurların rəqəmsallaşdırılması, yenidən hesablanma imkanlarının artırılması və xüsusi kateqoriyalı şəxslər üçün hesablamanın daha ədalətli olması ilə bağlıdır. Nəticədə pensiya sistemi daha şəffaf və əlçatan olur”.





















