Bakıda içməli su yola axır: "Taxta parçaları veriblər ki, boru partlayanda içinə salın" - VİDEO
Bakı şəhərinin Suraxanı rayonu, Zığ qəsəbəsi, Zığ bağları birinci yol adlanan ərazisində içməli su xəttində ciddi nasazlıq yaranıb. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən xəbər verir ki, boruların zədələnməsi nəticəsində su küçəyə və evlərin zirzəmilərinə axır. Sakinlərin sözlərinə görə, problem uzun müddətdir həllini tapmır. Onlar bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara müraciət ediblər, lakin yalnız müvəqqəti tədbirlər görülüb: "Gəlirlər, borunun deşilmiş hissəsinə paz vururlar, sonra çıxıb gedirlər. Hətta bizə taxta parçaları veriblər ki, boru partlayanda içinə salaq. Bir neçə gündən sonra su yenidən axmağa başlayır. Evimizin altı tamamilə su içindədir, zirzəmi dolub, rütubət evə qalxır". Sakinlər həmçinin qeyd ediblər ki, məsələ barədə Suraxanı Rayon Su Təchizatı İdarəsinə müraciət etsələr də, nəticə əldə etməyiblər: "Bizə deyirlər ki, həmin borular "Azərsu"nun balansında deyil. Amma bizdən su pulu yığılır. Əgər balansda deyilsə, bəs niyə ödəniş tələb olunur?" Sakinlərin sözlərinə görə, su itkisi həm israfçılığa, həm də yaşayış üçün təhlükəli şəraitin yaranmasına səbəb olub. Onlar məsul qurumlardan təcili tədbir görülməsini tələb edirlər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:





















