FHN Gəncədə baş verən bədbəxt hadisə ilə bağlı məlumat yaydı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Gəncə şəhəri, Mirzə Yusif Axundzadə küçəsində dağıntılar altında 1 nəfərin qalması barədə məlumat daxil olub. FHN Mətbuat Xidmətindən Mediaxeberleri.Az-a verilən məlumata görə, bununla əlaqədar dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, söküntü işləri aparılarkən tikilinin bir hissəsinin uçması nəticəsində orada çalışan vətəndaş dağıntı altında qalıb. Həyata keçirilən tədbirlər nəticəsində dağıntı altında qalmış 1985-ci il təvəllüdlü Taleh İdris oğlu Kərimovun meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır. Gəncə şəhərində ev tikintisi zamanı uçqun baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə şəhərin Avtozavod qəsəbəsində qeydə alınıb. Tikinti zamanı baş verən uçqun nəticəsində 1985-ci il təvəllüdlü usta T.Kərimov dağıntılar altında qalaraq həyatını itirib. İlkin məlumata görə, üç nəfər dağıntılar altından xilas edilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.