Bakıda yük maşını körpüdən avtomobilin üzərinə aşıb, ölən və xəsarət alanlar var - YENİLƏNDİ
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi paytaxtın Biləcəri ərazisində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. İdarədən Mediaxeberleri.Az-a verilən məlumata görə, sentyabrın 6-da saat 09:30 radələrində paytaxtın Biləcəri körpüsündə 72-CA-837 dövlət qeydiyyat nişanlı yük avtomobilinin 90-ZY-012 dövlət qeydiyyat nişanlı “Changan” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 1 nəfər həyatını itirib, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır. TƏBİB-dən bildirilib ki, sentyabrın 6-da saat 09:40 radələrində Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Çağırış əsasında ilkin olaraq 5 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Hazırki məlumata görə, 3 nəfər (1 kişi, 2 qadın cinsli) tibb müəssisəsinə hospitalizasiya olunur. 1 nəfərin (kişi cinsli) hadisə yerində həkiməqədər ölüm faktı qeydə alınıb. Əlavə məlumat veriləcək. *** 10:57 Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, körpünün üzərində hərəkət edən yük maşını idarəetməni itirərək aşağıdakı avtomobillərin üzərinə düşüb. Nəticədə bir neçə avtomobil tamamilə yararsız vəziyyətə düşüb, xəsarət alanlar var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Bakı Regional Mərkəzinin qüvvələri və təcili tibbi yardım avtomobilləri cəlb edilib