Vidadi Babanlı Qazaxda dəfn olunacaq
"Şərəf" ordenli yazıçı, Prezidentin fərdi təqaüdçüsü, Əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nasir, şair, tərcüməçi "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü Vidadi Babanlı öz vəsiyyətinə uyğun olaraq Qazax rayonunun Birinci Şıxlı kənd qəbristanlığında, doğmalarının yanında torpağa tapşırılacaqdır. Bu barədə Mediaxeberlerı.Az-a "Qazax" Xeyriyyə İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, Vidadi Babanlı 1927-ci il yanvarın 5-də Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb.
"Azərbaycan müəllimi" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat qəzeti" redaksiyasında ədəbi işçi, sonra şöbə müdiri vəzifələrində çalışıb. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində baş redaktor əvəzi, "Yazıçı" nəşriyyatında baş redaktor müavini olub.
Onun ilk mətbu əsəri 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində işıq üzü görən "Anam sən oldun" şeiridir. V.Babanlı "Qazax" Xeyriyyə İctimai Birliyinin Fəxri üzvü, Prezidentin fərdi təqaüdçüsü idi.