Şirvan polisi əməliyyat keçirdi: 56 nəfər saxlandı - VİDEO
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən cari ilin avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, dələduzluq, oğurluq, soyğunçuluq, qanunsuz olaraq odlu silah saxlama, qəsdən sağlamlığa zərər vurma, xuliqanlıq və digər cinayətlər törədən ümumilikdə 56 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Həmin şəxslərdən 32-si narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində polisin keçirdiyi əməliyyatlar nəticəsində tutulub. Qanunsuz dövriyyədən 5 kiloqrama yaxın heroin, metamfetamin və marixuana çıxarılıb. Həmçinin qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq edən və zərərçəkənlərin pullarını ələ keçirən 8, evlərdən və avtomobillərdən oğurluqlar edən 2, vətəndaşlara qarşı soyğunçuluq edən bir, qanunsuz olaraq odlu silah saxlayan 2, qəsdən sağlamlığa zərər vuran bir, xuliqanlıq edən 8 və başqa cinayət əməlləri törədən 2 nəfər şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.