Bakıda bu obyekt 6 aydır nə sökülür, nə bərpa edilir - Foto
Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev parkının yaxınlığında çayxana kimi fəaliyyət göstərən obyekt bir müddətdir ki, yarısökülmüş vəziyyətdədir: tikili nə tam sökülür, nə də bərpa edilir. Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Mediaxeberleri.Az-a verilən məlumata görə, obyektə qanunsuz əlavələr edilib və buna görə də söküntü işləri aparılıb. “Bakı şəhəri, Xətai rayonu, Heydər Əliyev parkının yaxınlığında yerləşən birmərtəbəli mövcud qeyri-yaşayış sahəsinə 16 dekabr 2024-cü il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən baxış keçirilib. Baxış zamanı obyektin hündürlük və sahə ölçülərində dəyişiklik edilərək yenidənqurma və bərpa işlərinin aparıldığı müəyyən edilib. Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət olunub, görülən tədbirlər nəticəsində qanunsuz əlavələr sökülüb. Bundan əlavə, 2 iyun 2025-ci il tarixində əraziyə təkrar baxış keçirilib və layihədən kənar dəyişiklik hallarının yenidən baş verdiyi müşahidə olunub. Baş İdarə tərəfindən operativ müdaxilə nəticəsində yenidənqurma işləri dayandırılıb və vəziyyətlə bağlı aidiyyəti qurumlara məlumat verilib”, - deyə açıqlamada qeyd edilib. Qeyd edək ki, altı ay öncə aparılan söküntü işlərindən sonra obyekt çayxana kimi fəaliyyət göstərməyi dayandırıb. Ancaq söküntü işlərindən sonra həmin obyektin üzərində hansısa təmir işlərinin aparıldığı müşahidə olunmayıb və yarısökülü vəziyyətdə qalıb.