"Vətən" stadionu niyə sökülüb?
Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Vətən" stadionunda söküntü işləri aparılıb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Paylaşım edən sakinlər bildiriblər ki, sözügedən söküntü işlərinin gecə saatlarında aparılması ciddi narahatlıq yaradıb. Onlar stadionun yerində nə tikiləcəyindən məlumatsız olduqlarını qeyd ediblər. Sözügedən görüntüləri təqdim edirik: Məsələ ilə bağlı Oxu.Az Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb. Qurumdan sorğumuza cavab olaraq bildirilib ki, Elm və Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi əsasında mövcud İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin Bakı şəhəri, Səttar Bəhlulzadə küçəsində yerləşən idman meydançalarının yenilənməsi, əlavə inzibati və köməkçi binalarının tikinti işlərinin aparılması planlaşdırılıb. "Müvafiq qurumlardan tikintiyə dair icazə sənədləri alınıb, işlərin icrası zamanı tikinti norma və qaydalarının qorunması barədə müvafiq iş icraçılarına tapşırıq verilib", - deyə cavabda qeyd olunub.