Rəsmi Moskva: Nə üçün Aİ-nin Ermənistandakı missiyasının müddətinin uzadılmasında Bakının rəyi nəzərə alınmır?
Moskvanın Ermənistandakı Avropa İttifaqının missiyasına münasibəti mənfidir. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. Aİ missiyasının Ermənistanda qalma müddətinin uzadılmasının mümkünlüyü ilə bağlı sualı cavablandıran Rusiya XİN sözçüsü Ermənistan-Azərbaycan sərhədində atışmaların davam etdiyini qeyd edib. Zaxarova vurğulayıb ki, Aİ missiyası Cənubi Qafqaz regionuna yad cisimdir: “Əminik ki, Cənubi Qafqaz qarşısında dayanan bütün məsələlər xaricdən müdaxilə olmadan region ölkələrinin kollektiv səyləri ilə həll oluna bilər. Belə bir sual vermək istəyirəm: Əgər Aİ missiyası sabitliyə nail olmaqda bu qədər qərarlıdırsa, nə üçün mandatının uzadılması qərarı, eləcə də o vaxt missiyanın yerləşdirilməsi qərarı Bakının razılığı olmadan verilir, nə üçün regionda vəziyyətin yaxşılaşdırılmasında xüsusi marağı olan regional oyunçunun rəyi nəzərə alınmır?” APA