“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qazaxda ağacəkmə aksiyası davam edir
Cənab Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş silsilə tədbirlər keçirilir. Oktyabrın 23-də Qazax Rayon İcra Hakimiyyəti və “10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin birgə təşkilatçılığı ilə növbəti ağacəkmə aksiyası keçirilib. Aksiyada Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, “10 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması” MMC-nin əməkdaşları, könüllülər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində Qazax rayonunun Qazaxbəyli kəndi ərazisində, Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun kənarında 1000 ədəd ağac əkilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək, ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərdə yaxından iştirak etmək və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir.