Seçki prosesində beynəlxalq müşahidəçilərin hansı hüquqları var?
Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkiləri yerli müşahidəçilərlə yanaşı, beynəlxalq müşahidəçilər də izləyəcək. Mediaxeberleri.Az “Secki 2024” Müstəqil Media Mərkəzinə istinadən xəbər verir ki, beynəlxalq müşahidəçilərin fəaliyyəti Seçki Məcəlləsinə (40-cı, 42-ci və 44-cü maddələr) uyğun tənzimlənir.
Qanunvericiliyə əsasən, beynəlxalq müşahidəçilərin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin yekunlarının rəsmi dərc edildiyi gün tamam olur. Beynəlxalq müşahidəçilər öz fəaliyyətlərini müstəqil və sərbəst qaydada həyata keçirir. Onların fəaliyyət müddətində maliyyələşməsi müşahidəçini göndərən tərəfin, yaxud öz hesablarına təmin edilir. Beynəlxalq müşahidəçilər Azərbaycan ərazisində olduğu müddətdə dövlət tərəfindən mühafizə edilir. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları onlara zəruri yardım göstərməyə borcludurlar.
Beynəlxalq müşahidəçilər seçkiqabağı təşviqatı və seçkilərin keçirildiyi gün səsvermə prosesini izləmək hüququna malikdir. Bununla yanaşı, səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və media subyektlərinə müraciət edə bilərlər. Onların seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ da var.
Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər. Beynəlxalq hüquq normalarını pozan müşahidəçinin qeydiyyatı Mərkəzi Seçki Komissiyası tərəfindən ləğv edilə bilər.