Войти

Kamaləddin Qafarovun şirkəti 103 milyon manatlıq tender qazanıb?

Gündəm

Azərbaycanda millət vəkillərinə bizneslə məşğul olmaq qadağan olsa da, reallıqda vəziyyət başqadır. Onların bəziləri biznesini yaxınlarının, ailə üzvlərinin adına keçirsələr də, bəziləri elə öz adı ilə şirkətlər açır, heç nə olmamış kimi öz imperiyalarını idarə edirlər.

Biznesmen deputatlardan biri də 9 saylı Binəqədi seçki dairəsindən V, VI, VII çağırış deputat seçilən Kamaləddin Qafarovdur. Bu deputat bir neçə şirkətdən ibarət böyük biznes imperiyasına, zəncinvari apteklər şəbəkəsinə rəhbərlik edir.

Bu şirkətlərdən biri də “Azəri Med” Qapalı Səhmdar Cəmiyyətidir. Sözügedən şirkət dövlət tenderlərindən 2025-ci ilin 11 ayı içərisində ümumilikdə nə az, nə çox – 103 milyon manatlıq tender udub. Bu tenderlər dövlətin müxtəlif qurumlarının keçirdiyi tenderlər olsa da, nə hikmətdirsə, dərman preparatları tenderlərinin, demək olar ki, hamısını Kamaləddin Qafarovun şirkəti qazanıb. Hələ də 1 ayını yaşamadığımız 2025-ci ilin 11 ayı ərzində 103 milyon manatlıq tenderi 1 şirkətin qazanması haqlı suallar doğurur və bu suallardan biri də əksər qurumların eyni şirkətlə çalışmasıdır.

Bu tenderlər arasında maraqlı bir nüans isə davam edən noyabr ayında 2 gün içində “Azeri Med” 2 tender qazanıb. Noyabr ayının 19-u 1.183.585,91 manatlıq (1 milyon 183 min 585 manat 91 qəpik) Akademik M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin “Maşın və avadanlıqların satın alınması – Tibbi cihazlar və alətlər” tenderini “Azeri Med” qazanıb. Bundan iki gün sonra, yəni noyabrın 21-i (4 gün öncə) Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının keçirdiyi 129.941,54 (129 min 941 manat 54 qəpik) manatlıq tenderi də eynilə “Azeri Med” qazanıb.

Cəmi 2 gün ərzində “AzeriMed” milyon yarımlıq tender qazanıb. Azərbaycan kimi kiçik bir ölkədə sadəcə 1 şirkət 2 günə milyon yarımlıq tenderi qazanırsa, bu o deməkdir ki, burada şəffaflıq sual altındadır və bu qurumların keçirdiyi tenderlər formal xarakter daşıyır.

Kamaləddin Qafarovun şirkətinin qazandığı ən “yağlı” tenderlərdən biri adaşı Kamalləddin Heydərovun rəhbərlik etdiyi Fövqəladə Hallar Nazirliyinə məxsusdur. Belə ki, adı çəkilən nazirliyin Tibb Xidməti İdarəsinin 922.274,16 manatlıq tenderinin qalibi də tanış isimdir: “Azəri Med” QSC.

Yaxud bir müddət öncə Hesablama Palatasının fəaliyyətində ciddi nöqsanlar aşkarladığı və barəsində cinayət işinin açılması üçün toplanan materiallar Baş Prokurorluğa göndərilən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsi ilə “Azəri Med” arasında bağlanmış tender müqavilələrində sıfırların sayı itib. 11 ay içində “Azəri Med” Mərkəzin elan etdiyi toplam 61 milyon 150 milyon manat məbləğində tenderlərin qalibi olub:

– Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş sərfiyyat malları və ləvazimatların satın alınması. Orqan transplantasiyaları üçün nəzərdə tutulmuş sərfiyyat malları və ləvazimatların satın alınması. – 111.868,13 AZN

– Tibb müəssisələri üçün endovaskulyar anevrizma və transkateter aorta implantasiyası üzrə sərfiyyat malları və ləvazimatların satın alınması – 4.886.380 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (12 tibb müəssisəsi üzrə) – 21.500.080,26 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (5 tibb müəssisəsi üzrə) – 8.496.116,36 AZN

– Klinik biokimya, hormon, seroloji, immunoloji və digər adda müayinələrinin istifadəsi üçün nəzərdə tutulmuş laboratoriya testlərinin satın alınması (5 tibb mərkəzi üzrə) – 14.759.980,44 AZN

– Tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş tibbi avadanlıq, cihaz və tibbi inventarların satın alınması – 755.418,23 AZN

– Yeni Klinika tibb müəssisəsində istifadə üçün nəzərdə tutulmuş laboratoriya testləri”nin satın alınması – 10.640.098,35 AZN

Qeyd edək ki, Hesablama Palatası tərəfindən “İnnovasiya və Təchizat Mərkəzi” publik hüquqi şəxsdə aparılan kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticəsi olaraq yol verilmiş nöqsanlar səbəbindən artıq ödənilmiş 2,2 mln. manat məbləğində vəsait dövlət büdcəsinə bərpa edilib, İTS və TƏBİB tərəfindən Mərkəzlə müqayisədə daha yüksək qiymətlərin tətbiq olunduğu hallar üzrə həmin qurumlara məlumatlar göndərilib. Tibbi avadanlıqların satınalınması zamanı ehtimal olunan qiymətin yüksək müəyyənləşdirilməsi halları, eləcə də audit sübutlarının toplanmasında yaranan məhdudiyyətlər və cinayət tərkibinin əlamətlərinin olma ehtimalı nəzərə alınaraq auditin nəticələri barədə müvafiq materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

“Tender çempionu” “Azəri Med”ə gəlincə, 2025-ci ildə tender qazanma “uğurları” Bakıdan kənara, Naxçıvana qədər uzanır. Tək Bakıdakı dövlət qurumlarının tenderlərini caynağına almaqdan gözü doymayan şirkətin tender qalibiyyətləri Naxçıvan Muxtar Respublikasına qədər uzanır. Maraqlıdır ki, Naxçıvanda 2025-ci ildə cəmi 5 dərman preparatı tenderi keçirilib və bu tenderlərin hamısını “Azeri Med” qazanıb.

Qazandığı tenderlərlə bütün Azərbaycanı əhatə edən “Azeri Med”in  son 11 ayda qazandığı 103 milyon manatlıq tender imperiyası hər il bu qədər tender qazanarsa, K. Qafarov yaxın illər ərzində dünyanın milyonçuları sırasına tezliklə girə bilər.

Ümid edirik, aidiyyəti qurumlar bu şirkəti və bu şirkətə dayanmadan tender verən qurumları nəzarət altına alaraq bir-bir incələyəcək.

Yazıda adı keçən şəxs və qurumların mövqeyini yayımlamağa hazırıq.

yenicag.az

Məbləğ müəyyənləşdi: 25 AZN

Gündəm

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası qaydası və sınaq imtahanında iştirak haqqı müəyyənləşib

 

Nazirlər Kabineti bu barədə qərar verib.

 

“Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiyası Qaydasının, o cümlədən sınaq imtahanında iştirak haqqının məbləğinin və davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi”inin təsdiqlənməsi barədə qərara əsasən, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan və ya bu fəaliyyətlə məşğul olmaq istəyən şəxslərin sertifikasiya imtahanının sınaq imtahanında iştirak haqqının məbləği tibb və ya səhiyyə ixtisasları üzrə ali təhsili olan tibb mütəxəssisləri üçün 35 manat, orta ixtisas təhsili olan tibb mütəxəssisləri üçün 25 manat təsdiq edilib.

 

Davamlı peşəkar inkişaf üzrə minimum kreditin həcmi hər il orta hesabla 50 kredit olmaqla 5 il ərzində minimum 250 kredit təsdiq edilib. Bu Qərar qüvvəyə mindiyi günədək sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddəti başa çatmamış tibb mütəxəssisləri minimum 250 kreditdən hər il üzrə nəzərdə tutulmuş orta illik hesabla 50 krediti topladıqda, sertifikasiya şəhadətnaməsinin qüvvədəolma müddətinə bir ildən az qalmış tibb mütəxəssisləri 50 krediti topladıqda şəhadətnamə əldə etməlidirlər.

Vüsalənin verilişi niyə yarımçıq dayandırılıb? – Rəsmi

Gündəm

Bu gün Xəzər TV-də "İncə Səhər" verilişinin yayımının yarımçıq dayandırılmasına aydınlıq gətirilib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə televiziya məlumat yayıb.

Bildirilib ki, bu gün saat 10:38-də Xəzər TV-də "İncə Səhər" verilişinin yayımı zamanı texniki problem yaranıb:

"Sözügedən verilişin bu həftə efirə getmiş bütün buraxılışları öncədən çəkilib. Verilişin bugünkü buraxılışı da əvvəlki günlərdə çəkilib, anonsu uğurla yayımlanıb və həmin mərhələdə heç bir nasazlıq qeydə alınmayıb.

Bu gün yayımlanacaq buraxılış 2 fayldan ibarət idi. 1-ci fayl heç bir problem olmadan efirə verilib. Reklam buraxılışına ayrılıb və 2-ci faylın yayımlanması zamanı texniki problem yaranıb. Fayl "Playout" sistemi tərəfindən oxunmadığı üçün efirə çıxmayıb. Tətbiqi proqram təminatında kritik xəta baş verib, bu isə əsas efir serverində cihazsəviyyəli nasazlıq yaradıb, nəticədə də verilişin tam yayımı mümkün olmayıb.

Xəzər TV olaraq yaranmış narahatlığı anlayışla qarşıladıqları və efirimizi diqqətlə izlədikləri üçün izləyicilərimizə minnətdarlığımızı bildiririk".

Qeyd edək ki, verilişin aparıcısı Vüsalə Əlizadədir.

Avtomobil nömrələri ilə bağlı açıqlama

Gündəm

“Bir nömrəni eyni anda iki maşına taxmaq, nömrəni başqa avtomobilə uyğunsuz şəkildə quraşdırmaq və ya nömrəni dəyişdirib istifadə etmək qanunla qəti şəkildə qadağandır”.

 

Bu sözləri Mediaxeberleri.Az-a açıqlamasında “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Nigar Mustafayeva bildirib.

 

Onun sözlərinə görə, dövlət qeydiyyat nişanı, hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun uçotda olmasını və istismar hüququnu təsdiqləyən rəsmi identifikasiya lövhəsidir: “Azərbaycanda nömrə nişanlarının verilməsi, dəyişdirilməsi, qorunması və istifadə qaydaları “Yol hərəkəti haqqında” Qanun, İnzibati Xətalar Məcəlləsi və digər normativ aktlarla tənzimlənir. “Yol hərəkəti haqqında” Qanunun 29-cu (29.3- nömrənin saxlanılıb yeni avtomobilə keçirilməsi) maddəsindən çox insan xəbərsizdir. Müəyyən hallarda nömrənin başqa avtomobilə keçməsi qanunidir. Qanuna əsasən, satıcı avtomobilini satırsa və nömrənin avtomobilin üzərində qalmasına etiraz etmirsə, alıcı da həmin nömrənin qalmasına razıdırsa, o zaman nömrə saxlanılaraq yeni qeydiyyata alınır. Bu nömrə yalnız avtomobili satan şəxsin istəyi ilə, alıcının razılığı olduqda, satıcının digər avtomobilinə verilə bilər. Bu qayda 2011-ci ildə təsdiqlənib, lakin uzun müddət tətbiq olunmayıb. Son illərdə artıq həm BDYP İdarəsində, həm də regional qeydiyyat bölmələrində aktiv şəkildə tətbiq edilir”.

 

Cavid Qurbanovun sabiq müavini STP-dəki vəzifəsindən azad edildi

Gündəm

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin rəhbərliyində dəyişiklik olub. “PostMedia”nın əldə etdiyi məlumata görə, qurumun Baş direktoru Valehov Hicran Qardaşxan oğlu vəzifəsindən azad edilib.

 

Onun yerinə bu vəzifəyə Abbaslı Ələkbər Adil oğlu təyin edilib.

 

Qeyd edək ki, Hicran Valehov 2023-cü ildən STP-yə rəhbərlik edib.

 

O, 2016-2023-cü illərdə isə “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrinin müavini olub.

 

2022-ci ilin mayında Cavid Qurbanov ADY sədri vəzifəsindən azad edildikdən sonra Sədr vəzifəsini 7 ay müddətində Hicran Valehov icra edib.

Nəriman Həsənzadədən xəbər var

Gündəm

Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti ağır olaraq qalır.

 

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Pravda.az-a Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost məlumat verib.

 

“Mərkəzi Klinik Xəstəxanada müalicəsi davam edir. Elə eyni vəziyyətdədir. Huşu üstündədir. Buna da şükür. Allahın izni ilə, yaxşı olar”, - o bildirib.

 

Qeyd: Nəriman Həsənzadə böyrəklərində yaranan problemlərlə əlaqədar olaraq bir müddət əvvəl xəstəxanaya yerləşdirilib.

Cəzalar hansı paylaşımlara görə veriləcək? – VİDEO

Gündəm

İnzibati xətalar məcəlləsinə, o cümlədən informasiyanın mühafizəsi haqqında qanunlara dəyişiklik edilir.


Mediaxeberleri.Az Xezerxeber.az-a istinadən məlumat verir ki, sosial şəbəkələrdə cəmiyyətə qarşı hörmətsizlik, mənəvi dəyərlərə uyğun olmayan paylaşımlar və qeyri etik çağırışların edilməsi ilə bağlı yeni cərimələr müəyyənləşdirilir.



Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Razi Nurullayev dəyişikliklərin detallarını açıqlayıb.


Mediaxeberleri.Az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






Yasamalda üç nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs həbs edildi

Gündəm

Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında üç nəfərin öldüyü yanğınla bağlı vəzifəli şəxs həbs edilib.

 

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

Bildirilib ki, noyabrın 21-də baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

 

Hazırkı vaxtadək keçirilmiş tədbirlərlə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova həlak olub, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

 

Həmçinin istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş "TAXES GROUP" MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

 

Noyabrın 23-də Bəhruz Paşayev şübhəli şəxs qismində tutulub, noyabrın 24-də isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

 

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və baş vermiş hadisədə təqsirli olan bütün şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Rəsmi Bakı COP31-lə bağlı Türkiyə və Avstraliyanı təbrik etdi

Gündəm

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Mediaxeberleri.Az xəbər verir ki, bu barədə nazirliyin"X hesabında paylaşım edilib.

"Biz qardaş Türkiyəni BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasına (COP31) ev sahibliyi etmək üçün seçilməsi və Avstraliyanı Danışıqların Prezidenti seçilməsi münasibətilə səmimi qəlbdən təbrik edirik.

COP29-un Prezidenti olaraq, Azərbaycan bu mühüm missiyanın uğurla həyata keçirilməsini dəstəkləmək üçün heç bir səyini əsirgəməyəcək.

Biz hər iki ölkəyə uğurlar arzu edirik və əminik ki, COP31 iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə mühüm töhfələr verəcək", - paylaşımda qeyd olunub.

Ramiz Mehdiyev Ermənistanla necə əlaqə saxlayırmış?

Gündəm

Milli Məclisin sabiq deputatı, sabiq təhsil naziri (1993-cü ildə Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili naziri olub) Firudin Cəlilov Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti barədə sərt açıqlamalar verib.

Mediaxeberleri.Az Yeni Sabah-a istinadla xəbər verir ki, o, bu barədə “OTV Azerbaijan” Yutub kanalında yayımlanan müsahibəsində bildirib.

Firudin Cəlilov Ramiz Mehdiyevin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim edilməsinin doğru olmadığını bildirib.

O qeyd edib ki, Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub:

“Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu”.

Sabiq nazir, həmçinin, Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq, bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu bildirib:

“Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o, həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib”.

Firudin Cəlilov əlavə edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub:

“Ramiz Mehdiyev, öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb. Çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq, onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır”.

В будущее В прошлое

Навигация