“20 milyon manat icra başçılarının xalis qazancı olub...” – Ekspert maraqlı faktı açıqladı
2024-cü ildə məktəbəqədər təhsil xərcləri üçün nəzərdə tutulan məbləğ 2022-ci ilə nisbətən 25% və ya 90 milyon manat daha çox proqnozlaşdırılır. Bu barədə büdcə sektoru üzrə ekspert Rövşən Ağayev bildirib. O, xatırladır ki, 2022-ci ildə bu xərclərə yerli icra hakmiyyəti orqanları, hazırda isə Elm və Təhsil Nazirliyi sərəncam verir: “Səlahiyyət nazirliyə keçəndən sonra xərcləmələrdə şəffaflıq və qənaət baxımından nələrin dəyişdiyini demək üçün əldə konkret hansısa faktlar yoxdur. Məsələn, satınalmalarda, xüsusilə də mal və xidmətlərin orta alış qiymətlərində, təchizatçı şirkətlərin seçimlərində nələrin dəyişdiyini izləmək maraqlı olardı”. R.Ağayev bildirir ki, sırf büdcə sənədlərinə baxanda bir maraqlı dəyişiklik diqqəti çəkir: “Bağçaların ərzaq təminatı xərclərində 20%-dən çox - 20 milyon manat azalma var. Son 2 ildə ərzaq xərclərində azı 20-25% bahalanma olduğu, ümumi xərclərin 25%-dən çox artdığı, uşaqların sayının azalmadığı (əksinə, statistikada artdığı) şəraitdə ərzaq alışı üçün xərclər 20 milyon ixtisar olunursa, demək ki, bu icra başçılarının xalis qazancı imiş”.