Kirayə mənzil üçün beh göndərənlərin diqqətinə...
Sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda kirayə mənzil axtaran vətəndaşlar bəzən dələduzların hədəfinə çevrilirlər. Münasib qiymətə ev vədi ilə əvvəlcədən “beh” tələb olunur, hətta etibarlılıq yaratmaq üçün şəxsiyyət vəsiqəsinin fotosu belə göndərilir. Lakin pul köçürüldükdən sonra həmin şəxslə əlaqə kəsilir və vətəndaş nə mənzilə, nə də ödədiyi vəsaitə çata bilir. Bəs belə hallarda zərərçəkmiş şəxs pulunu hüquqi yolla geri ala bilərmi? Mediaxeberleri.Az bildirir ki, mövzu ilə bağlı Pravda.az-a açıqlama verən “Ekspert-SM LTD” MMC-nin hüquqşünası Afaq Əliyevanın sözlərinə görə, belə hallarda vətəndaşın pulunu geri almaq imkanı var, amma bu, pulun hansı şəraitdə verilməsindən və qarşı tərəfin əvvəlcədən aldatmaq niyyətinin olub-olmamasından asılıdır. O qeyd edib ki, şəxs saxta ev elanı yerləşdirərək, özünü ev sahibi kimi təqdim edərək və ya saxta şəxsiyyət vəsiqəsi göndərərək beh alıbsa və məqsədi əvvəldən pulu mənimsəmək olubsa, bu hal dələduzluq kimi qiymətləndirilə bilər: “Azərbaycan Respublikası Ali Məhkəməsi də aldatma və ya etibardan sui-istifadə yolu ilə əmlakın ələ keçirilməsini Cinayət Məcəlləsinin 178-ci maddəsi üzrə dələduzluq kimi izah edir. Vətəndaş belə vəziyyətdə bütün sübutları - elanın ekran görüntüləri, WhatsApp/Instagram yazışmaları, göndərilən şəxsiyyət vəsiqəsinin şəkli, bank köçürməsinin qəbzi, kart və hesab məlumatları, telefon nömrəsi, səsli mesajlar və digər yazışmaları saxlamalıdır. Pul köçürülübsə, bank sənədi mütləq saxlanmalıdır. Ödənişin kimə və nə məqsədlə edildiyini göstərən sübut sonradan çox əhəmiyyətli ola bilər. Artıq aldatma baş veribsə, 102-yə və ya hüquq-mühafizə orqanlarına müraciət etmək və hadisə barədə ərizə vermək lazımdır. DİN də internet üzərindən dələduzluq hallarında əvvəlcədən satıcı və elan barədə araşdırma aparmağı tövsiyə edir. Əgər cinayət işi çərçivəsində şəxsin təqsiri və zərər müəyyən edilərsə, dəymiş maddi ziyanın ödənilməsi məsələsi də qaldırıla bilər. Qanunvericilikdə müəyyən hallarda zərərin tam ödənilməsi və barışıqla bağlı xüsusi müddəalar da mövcuddur”. Hüquqşünas vurğulayıb ki, şəxsiyyət vəsiqəsinin şəkli məsələsinə xüsusi diqqət etmək lazımdır: “Vəsiqənin göndərilməsi həmin şəxsin həqiqətən ev sahibi olduğunu sübut etmir. Fırıldaqçılar başqa şəxslərin sənədlərindən də istifadə edə bilərlər. Ona görə yalnız vəsiqənin fotosuna güvənərək beh vermək düzgün deyil. Ən təhlükəsiz yol evə baxış keçirmədən, mülkiyyət sənədlərini və ev sahibinin kimliyini yoxlamadan, mümkün olduqda yazılı müqavilə bağlamadan və ödənişin hüquqi əsasını rəsmiləşdirmədən beh ödəməməkdir. Qısası, “pulu verdim və məni aldatdılar, deməli artıq geri ala bilmərəm” düzgün yanaşma deyil. Sübutlar nə qədər çox və düzgün toplanarsa, hüquqların müdafiəsi və pulun geri qaytarılması şansı da bir o qədər artır”.






















