Keçmiş deputat YAP-dan ÇIXARILIR - FOTO
Yeni Azərbaycan Partiyasının (YAP) üzvlüyündən xaric ediləcək bir qrup şəxsin siyahısı hazırlanıb. Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, siyahıda müxtəlif cinayət əməllərinə görə məhkum olunmuş şəxslərin adları yer alır. Bildirilir ki, siyahı YAP-ın yerli təşkilatlarının təqdimatı əsasında hazırlanıb. Siyahıya daxil edilən şəxslərin partiya sıralarından çıxarılması onların məhkəmə qərarları ilə təsdiqlənmiş cinayət əməlləri ilə bağlıdır. Verilən məlumata görə, siyahıda yer alan şəxslərdən biri də Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin üzvlüyündən xaric edilən Əli Abbasovdur. Onun YAP-dan çıxarılması qərara alınıb. Xatırladaq ki, Naxçıvan MR Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən seçilmiş deputatı Əli Feyzulla oğlu Abbasovun mandatı 2025-ci il dekabrın 11-də ləğv edilib. Əvvəlcə Əli Abbasov barəsində Ali Məclisə daxil olmuş vətəndaş müraciətləri əsasında İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb. Sonra qanunvericiliyin tələblərinə uyğun olaraq İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan MR Mərkəzi Seçki Komissiyasına təqdim edilib. Ardınca Mərkəzi Seçki Komissiyası Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul edib.





















