Dişlərini ağarda-ağarda milyonlar qazanır...
Türkiyə təzadlar ölkəsidir. Mən bunu ilk dəfə qardaş diyarda təhsil aldığım uzaq doxsanıncı illərdə müşahidə etmişəm. Tələbə yoldaşlarım arasında dindar da vardı, ateist də. Milliyyətçi və kommunistlərlə eyni auditoriyada mühazirə dinləyirdim. Qızların yarısının başında çadra, yarısının damağında siqaret vardı. Ağlı başında olan adam kimi hamının inancına hörmətlə yanaşırdım. Məni ən çox təəccübləndirən araq şüşəsi ilə yatıb-qalxan adamların cümə günü namaz qılmaları idi. Bu barədə əvvəllər də yazmışam. Salim Koca adlı bir professorumuz vardı. Tez-tez belə deyirdi: "Türkiyədə pul qazanmaq üçün ya topçu olmalısan, ya da popçu". Kişini qınaya bilmirdik. Çünki həmin vaxt topçu Hakan Şükürün bir aylıq maaşı mənim 9 sanballı kitabın müəllifi olan əziz müəllimimin 9 illik məvacibindən çox idi. Həmin il popçu Ajda Pekkan Yeni il gecəsi İstanbulda verdiyi konsertə görə təskilatçılardan İstanbulda işləyən professorun 10 illik maaşından çox qonorar almışdı... Aradan 30 il keçsə də, Türkiyədə çox şey dəyişməyib. Dəyişən topçu və popçuların qazancının daha da artmasıdır. Dünən Türkiyənin aparıcı idman saytlarında oxumuşam: "Fənərbağça"nın "Əl-İttihad"dan xahis-minnətlə aldığı Kantenin yarım mövsümlük maaşı 4,5 milyon avrodur. Otuz beş yaşlı Kante səbrini basıb 2029-cu ilə kimi İstanbul klubunda qalsa, üst-üstə 14 milyon avrodan çox maaş alacaq. Dünyanın hər yerində futbolçular yüksək maaş aldığı üçün bunu özümüzə dərd etməyək. Dərd odur ki, dörd aylıq qazancı bizim pulla 9 milyon manat olan Kante "Fənərbağça" forması ilə meydana çıxdığı 3 matçda rəqib qapıya cəmi bir zərbə endirib. O da qapıçının üstünə gedib... Bu xəbəri isə ötən gün Metbuat.az saytında oxumuşam. Türkiyəli aktrisa Sıla Türkoğlu 32 saniyəlik reklama görə bir diş məcunu firmasından 15 milyon lirə (təxminən 600 min AZN) qonorar alıb. Saytın hesablamasına görə, Sıla 1 saniyədə 469 min lirə qazanıb. Aktrisa bu pulu almaq üçün çox əziyyət çəkməyib. Sadəcə, əlindəki fırça ilə dişlərini ağardıb. Nəzərinizə çatdırmaq istəyirəm ki, maaşlar artandan sonra Türkiyədə bir professorun aylıq məvacibi 200 min lirə olub. Bu, təzad deyil, taledir. Biri gözünün nurunu əridə-əridə, o biri isə dişlərini ağarda-ağarda pul qazanır... Qara daşın üzünü ağardıb pul qazananlar da var. Amma onlar başqa yazının qəhrəmanlarıdır… Seymur Verdizadə






















