Gəncədə məktəbli qayçı ilə ehtiyatsız davrandı, dördüncü sinif şagirdi gözündən xəsarət aldı
"Dördüncü sinif şagirdi sinif yoldaşına ehtiyatsızlıqdan xəsarət yetirib". Bu barədə Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq Gəncə şəhər İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdən bildirilib. "Hadisədən dərhal sonra təcili tibbi yardım çağırılıb, zərərçəkən şagirdə ilkin tibbi yardım göstərilib və o, müayinə məqsədilə xəstəxanaya aparılıb. Məktəblinin valideynləri məlumatlandırılıblar. Şagirdin səhhəti məktəb rəhbərliyinin diqqətindədir" , - deyə açıqlamada qeyd olunub. Gəncədə İsmət Qayıbov adına 1 nömrəli orta məktəbdə dördüncü sinif şagirdi göz nahiyəsindən xəsarət alıb. Mediaxeberleri.Az xəbər verir ki, ilkin ehtimallara görə, hadisə ehtiyatsızlıq səbəbindən baş verib. Məlumata görə, dördüncü sinif şagirdi digər məktəbli yoldaşının qayçı ilə ehtiyatsız davranışı nəticəsində gözündən xəsarət alıb. Gəncə Şəhər Birləşmiş Xəstəxanasından Mediaxeberleri.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dekabrın 17-si saat 14:10-da 2016-cı il təvəllüdlü şəxs (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Oftalmologiya şöbəsinə hospitalizasiya olunub: "Sol gözün travması, dərin korneoskleral yaralanma, qişaların çölə çıxması diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə təxliyə olunub". Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı "Qafqazinfo" saytı yayıb.





















