Bir ailənin fəryadı: Gəncin ölümünə ambulans səbəb olub?
2025-ci il avqust ayının 22-də Binəqədi rayonu, Binəqədi şosesində baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində həyatını itirən 19 yaşlı Xaliv İbrahimovun ailəsi baş verənlərlə bağlı bir sıra məqamları Baku TV-yə açıqlayıb. Ailənin sözlərinə görə, "Kəpəz Hospital"a məxsus təcili tibbi yardım avtomobilinin sürücüsü Şahin Mustafayev içəridə xəstə olmadığı halda xüsusi işıq siqnallarını yandıraraq yola çıxıb. Bu zaman kuryer kimi çalışan motosiklet sürücüsü Xaliv İbrahimovu vurub. Yaralı hadisədən sonra elə həmin təcili tibbi yardım maşını ilə "Kəpəz Hospital"a aparılıb. Ailə iddia edir ki, gəncin ölümünə təkcə qəza deyil, həm də həkim səhlənkarlığı səbəb olub. Mərhumun anası Hicran İbrahimova bildirir ki, oğlunu başqa xəstəxanaya aparmaq istəsələr də, buna icazə verilməyib: "Dedilər ki, bizim xəstəxananın işçisi vurub, ona görə də təmənnasız xidmət göstərəcəyik. Çanağının qırıldığını, ayağının isə sındığını bildirdilər. Səhər əməliyyat olunacaqdı, amma həkim başqa əməliyyatda olduğu üçün oğlumun əməliyyatını saat 11-ə saldılar. Bir saat keçməmiş xəbər verdilər ki, həyatını itirib. Həkimlər uşağımı öldürdülər. Sağalda bilərdilər, heç olmasa, əlil qala bilərdi. Dedim, uşağıma baxın, qanın içində çabalayırdı, amma baxmadılar". Daha ətraflı videomaterialda:





















