Anasını və nənəsini öldürən yeniyetməyə hökm oxundu
Goranboyda anasını və nənəsini öldürməkdə təqsirləndirilən yeniyetmə S.A-nın cinayət işi üzrə məhkəmənin yekun iclası keçirilib. Mediaxeberleri.Az Oxu.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Müttəhim yetkinlik yaşına çatmadığı üçün ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən, azadlıqdan məhrum etmə növündə cəza yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Qeyd edək ki, Goranboy rayon prokurorluğunun yaydığı məlumata görə, iyulun 25-də saat 02 radələrində Goranboy rayon sakinləri - 1978-cı il təvəllüdlü Lalə İsmayılova və 1948-ci il təvəllüdlü Tamella İsmayılovanın yaşadıqları evdə öldürülmələri barədə məlumat daxil olub. İlkin araşdırmalarla 2010-cu il təvəllüdlü S.A-nın aralarında yaranmış mübahisə zamanı bıçaqla anası Lalə İsmayılova və nənəsi Tamella İsmayılovaya xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanıb.





















