Dostunun xəstə qızına təcavüz edən 69 yaşlı kişi ilə bağlı QƏRAR
Gəncə Apellyasiya Məhkəməsində “zorlamada və seksual xarakterli zorakılıq hərəkətləri etmədə təqsirləndirilən Binnət Əkbərovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. 
Mediaxeberleri.Az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2022-ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında Şəmkir rayonu ərazisində qeydə alınıb.
Belə ki, 1956-cı il təvəllüdlü Binnət Əkbərov qonşusu və dostunun qızının evinə dəfələrlə qonaq qismində gedib. O, həmin şəxsin anadangəlmə “davranış pozğunluğu ilə müşayiət olunan yüngül dərəcəli əqli gerilik” xəstəliyindən əziyyət çəkən 1998-ci il təvəllüdlü qızı M.M.-ni (ad, soyadı şərtidir) zorlamaq qərarına gəlib. Sonra Binnət qızın yaşadığı evdə tək olduğunu bilərək onlara gedib və pis niyyətini həyata keçirib. Bu hal 2 dəfə baş verib.
Hadisədən sonra Binnət Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
O, məhkəmədə ifadəsində özünü təqsirli bilməyib, qeyd edib ki, M.M. ilə onun istəyi əsasında cinsi əlaqədə olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ona 9 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.





















