Kürdəmirdə dabaq xəstəliyi bazarda qıtlıq yaratdı: "10-15 gündür süd, qatıq gəlmir" - VİDEO
Son günlər bəzi bölgələrdə mal-qara arasında yayılan dabaq xəstəliyi bazarlarda ciddi problemlər yaradıb. Xəstəliklə əlaqədar olaraq, kənd təsərrüfatı məhsullarının, xüsusilə də süd və süd məhsullarının tədarükündə kəskin azalma müşahidə olunur. Bu vəziyyət bazarlarda qıtlığa səbəb olub. Məsələ ilə bağlı danışan satıcılar vəziyyətin ciddiliyini vurğulayıblar. Onlar bildiriblər ki, kəndlərdən gələn süd və süd məhsullarının həcmində böyük azalma var. Satıcılardan biri vəziyyəti belə şərh edib: "Gün ərzində ən azından 10-15 balon qatıq, süd gəlirdi bazara. Hazırda isə polkada sadəcə 3 balon qatıq var. Xəstəliklə əlaqədar kənddən gəlmir". Digər bir satıcı da eyni problemlə üzləşdiklərini qeyd edib: "Təxminən 10-15 gündür süd, qatıq götürə bilmirik. Şor məhsulları da gəlmir. Deyirlər mallarda xəstəlik var, ona görə gətirmirlər". Kürdəmir Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzindən bildirilib ki, hazırda baytar həkimlər təsərrüfatçılarla görüşür, heyvanların vəziyyəti ilə maraqlanırlar: "Heyvan bazarlarında vaxtlı-vaxtında dezinfeksiya işləri aparılır. Vətəndaşlar qorxurlar ki, bu xəstəlik insanlara yoluxa bilər. Amma adıçəkilən xəstəliyin insanlara yoluxmasına çox az hallarda rast gəlinib". Daha ətraflı Baku TV-nin videomaterialında: