Beyləqanda nişan mərasimindən qayıdanlar qəzaya düşüblər: Xəsarət alanlar var
Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az-ın məlumatına görə hadisə bu gün səhər 4-5 radələrində Birinci Şahsevən kəndi ərazində qeydə alınıb. Hadisəyə "Khazar" markalı avtomobilin yoldan çıxaraq aşması səbəb olub. Nəticədə üç nəfər xəsarət alıb. Xəsarət alanlar - sürücü, 1999-cu il təvəllüdlü Ülvi Bariz oğlu Həşimov, onun qardaşı, 1996-cı il təvəllüdlü Elvin Bariz oğlu Həşimov və digər sərnişin, 1999-cu il təvəllüdlü Məhərrəm Elman oğlu Səfərov Beyləqan Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar. Onların nişan mərasimindən qayıtdıqları bildirilir. Faktla bağlı araşdırma aparılır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, oktyabrın 13-də, saat 5:00-da Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan üç nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. "Onlara bədənin müxtəlif nahiyələrinin çox sayda travması diaqnozu təyin edilib. Pasiyentlərin müalicəsi Beyləqan RMX-nin Reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir, vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda bildirilib.