Vaşinqtonda təyyarə qəzasında həlak olanlardan 40-nın cəsədi aşkar edildi
ABŞ Fövqəladə Hallar Xidmətinin əməkdaşları Vaşinqtonda sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması nəticəsində həlak olanlardan 40-nın cəsədini aşkar ediblər. Mediaxeberleri.Az-ın məlumatına görə, bu barədə CBS telekanalı hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb. Bildirilib ki, bəzi cəsədlər sahilə axınla çıxıb, digərləri isə suyun altında tapılıb. O da qeyd olunub ki, hazırda dalğıclar üçün əlçatmaz olan təyyarənin quyruq hissəsində də cəsədlər qala bilər. Xatırladaq ki, yanvarın 29-da "American Airlines" aviaşirkətinə məxsus ABŞ sərnişin təyyarəsi və ABŞ Quru Qoşunlarının "Black Hawk" helikopteri Ronald Reyqan adına Vaşinqton hava limanı yaxınlığında toqquşub. Təyyarə Kanzas ştatından uçub, göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvü olub. Helikopterdə ən azı üç hərbçi olub. Toqquşmadan sonra təyyarə və helikopter Potomak çayına düşüb. Qəzadan sağ qalan olmayıb.