Ağstafada Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib
2024-cü il dekabrın 25-də Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı olmuşdur. Respublika Prezidenti İlham Əliyev “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların xatirəsini yad etmək məqsədilə Azərbaycan Respublikasında matəm elan edilməsi haqqında” 25 dekabr 2024-cü il tarixli Sərəncam imzalayıb. Sözügedən Sərəncama əsasən 2024-cü il dekabrın 26-da Azərbaycan Respublikasının ərazisində matəm elan edilib. Respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı–Qroznı (Rusiya Federasiyası) reysini yerinə yetirərkən qəzaya uğraması nəticəsində həlak olanların əziz xatirəsi ehtiramla anılıb. Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyəti qəza nəticəsində həlak olanların əziz xatirəsini ehtiramla anıblar. Bakı vaxtı ilə saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, Ağstafada da həlak olanların xatirəsi birdəqiqəlik sükutla yad olunub. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.