“Övladlığa götürmə sahəsində göstərilən xidmətlər”lə bağlı media nümayəndələrinə təlim keçirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlim və İnkişaf Mərkəzində media nümayəndələri üçün növbəti “Sosial Jurnalistika” təlimi keçirilib. "Report"un məlumatına görə, “Övladlığa götürmə sahəsində göstərilən xidmətlər” mövzusuna həsr edilən təlimdə 15 media qurumundan jurnalistlər iştirak edib. Media nümayəndələrinə "Azərbaycanda himayədar ailə" qayğı modeli haqqında geniş məlumat verilib. Bildirilib ki, adıçəkilən modelin tətbiqinin məqsədi valideyn himayəsindən məhrum olan uşaqların müəssisələrə düşməsinin qarşısını almaqdır. Kimlər himayədar valideyn ola bilər, himayədar valideynlərin vəzifələri, hüquqları, onlara göstərilən sosial dəstək və “Himayədar ailə” qayğı modelinin ölkədə tətbiqi ilə bağlı nazirliyin gördüyü son işlər haqqında jurnalistləri maraqlandıran suallar cavablandırılıb. Daha sonra mövzunun necə mənimsənildiyini müəyyənləşdirmək məqsədi ilə "workshop" keçirilib. İştirakçılar təlim mövzusunu əhatə edən test tapşırıqlarını cavablandırıblar. Təlimin yekununda iştirakçılara sertifikatlar təqdim edilib.