DEPUTAT SEÇİLƏN XANIMIN YERİNƏ TƏYİNAT OLDU - Direktor vəzifəsinə Ənsari gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsini icra edən şəxs təyin edilib. Modern.az-ın əldə etdiyi məlumata görə, bu barədə əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev əmr imzalayıb. Əmrə əsasən, sözügedən vəzifəyə Elnarə Ənsari gətirilib. O, əvvəllər ƏƏSMN-nin Beynəlxalq əlaqələr şöbəsində çalışıb. Qeyd edək ki, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin keçmiş direktoru Nigar Məmmədova sentyabrın 1-də keçirilən parlament seçkilərində 48 saylı Abşeron birinci seçki dairəsindən deputat seçilib və qanunvericiliyə uyğun olaraq vəzifəsinin icrasına xitam verilib. O, 2023-cü ilin 1 sentyabr tarixindən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışırdı. N.Məmmədova xarici işlər nazirinin müavini Elnur Məmmədovun xanımıdır. Xatırladaq ki, bir neçə həftə əvvəl nazirin əmri ilə Mətanət Məmmədova və Elbrus Allahverdiyev DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktor müavini vəzifəsinə təyin olunublar.