Ölkədə vergi ödəyicilərinin sayı artdı
Bu il sentyabrın 1-nə Azərbaycanda ötən il sentyabrın 1-i ilə müqayisədə 6,1 % çox - 1 milyon 570 min 205 vergi ödəyicisi olub. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bunun 87,2 %-i fiziki şəxslər, 12,8%-i hüquqi şəxslər və digər təşkilatlar olub. Son 1 ildə fiziki şəxslərin sayı 5,9 %, hüquqi şəxslərin sayı 7,3 % artıb. Avqustun sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı 184 820 vahid təşkil edib. Bu ilin yanvar-avqust aylarında 8 741 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 7 791-i (89,1 %) yerli investisiyalı, 950-si (10,9 %) xarici investisiyalı müəssisələrdir. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 7 117-si (81,4 %-i) elektron qaydada, onların isə 5 726-sı Asan İmza, 1 372-si finkod+mobil üsulla, 19-u “SİMA” rəqəmsal imza vasitəsi ilə edilmiş müraciətlər əsasında qeydə alınıb. Bu il sentyabrın 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 38 564 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 15,7 % artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 32,1 % təşkil edib. Həmin tarixə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 91,2 %-i məhdud məsuliyyətli cəmiyyət, 1,2 %-i səhmdar cəmiyyət, 1,1 %-i kooperativ və s. formalarda yaradılıb. Avqustun sonuna dövlət qeydiyyatında olan aktiv kommersiya qurumlarının sayı 1 il əvvələ nisbətən 10,9 % artıb.